Əfqan Səfərovun xatirəsinə həsr olunmuş atletika üzrə beynəlxalq memorial davam edir
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda Əməkdar məşqçi Əfqan Səfərovun xatirəsinə həsr olunmuş beynəlxalq memorialın ilk gününə yekun vurulub.

Gənclər və İdman Nazirliyinin və Azərbaycan Atletika Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə keçirilən turnirdə ölkəmizlə yanaşı, Belarus, Qırğızıstan və Gürcüstandan olan atletlər iştirak edirlər. Turnirdə yeniyetmə oğlanlar və qızlar atletikanın bütün növləri üzrə mübarizə aparırlar. Yarışlarda Azərbaycanı paytaxt klubları ilə yanaşı, rayonlardan olan idmançılar da təmsil edir.

Beynəlxalq turnirin birinci günündə oğlanlar arasında üçtəkanla tullanma yarışında azərbaycanlı atlet Çingiz İsrafilov, hündürlüyə tullanmada belaruslu Yeqor Huptar və lövhə atmada Belarus atleti Roman Kartanoviç qalib adını qazanıb. Qızların yarışında isə üçtəkanla tullanmada Ülviyyə Cabbarova və lövhə atmada belaruslu atlet Alina Nikitsenka birinci yerə layiq görülüb.

Oğlanlar arasında qaçış yarışlarında Əli Abdıyev (100 m), Teymur Salahzadə (400 m) və Qırğızıstan atleti İldiyar Kadırov (1500 m) birinci olub. Qızların mübarizəsində isə qırğızıstanlı atletlər Yeva Kadırova (100 m), Aynuşka Kalilqızı (1500 m) və belaruslu atlet Darya Karpoviç (400 m) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qaliblər federasiya və nazirlik tərəfindən diplom və medallarla təltif olunublar.

Xəbər 792 dəfə oxundu.