Azərbaycan badmintonçusu “Minsk 2019”un səkkizdəbir finalında mübarizəni dayandırıb
İyunun 27-də Azərbaycan badmintonçusu Ezmi Qovimuramadhoni II Avropa Oyunlarında səkkizdəbir final oyununu keçirib.

Bu mərhələdə idmançımızın rəqibi reytinqinə görə qitə çempionatının üçüncü ən güclü badmintonçusu sayılan hollandiyalı Mark Kalyou olub. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə üç set oynanılıb. Təmsilçimiz güclü rəqibinə 1:2 (12:21, 21:17 və 14:21) hesabı ilə uduzaraq ikinci Avropa Oyunlarında mübarizəni dayandırıb.

Xatırladaq ki, “Minsk 2019”un badminton yarışlarında G qrupunda yer alan E.Qovimuramadhoni ilk görüşdə Rumıniya badmintonçusu Kollins Valentin Filimona 2:1 (21:19, 18:21, 21:10) hesabı ilə qalib gəlib. İkinci turda Lüksemburq təmsilçisi Robert Mann üzərində 2:0 (21:18, 21:15) hesablı qələbə qazanan badmintonçumuz üçüncü turda turnirin reytinqinə görə yeddinci ən güclü badmintonçu olan Rusiya təmsilçisi Vladimir Malkovla qarşılaşıb. Badmintonçumuz rəqibinə 0:2 (7:21, 11:21) hesabı ilə uduzsa da səkkizdəbir finala vəsiqə qazanıb.

Turnirin reqlamentinə əsasən qrup mərhələsində ilk iki yeri tutan badmintonçu səkkizdəbir final mərhələsinə vəsiqəni təmin edib.

Xəbər 870 dəfə oxundu.