“Minsk 2019”: Qadın güləşçimiz Mariya Stadnik yarımfinala yüksəlib
İyunun 27-də - “Minsk 2019”un yeddinci, güləş yarışlarının isə üçüncü günündə Azərbaycanın qadın pəhləvanları mübarizəyə uğurla start veriblər.

Qadın güləşçilər mübarizəyə 50, 57, 62 və 76 kiloqram çəki dərəcələrində səkkizdəbir final mərhələsindən başlayıblar. Azərbaycanı bu çəki dərəcələrində Mariya Stadnik (50 kq), Alyona Kolesnik (57 kq), Elmira Qəmbərova (62 kq) və Səbirə Əliyeva (76 kq) təmsil edirlər.

Olimpiya Oyunlarının üçqat mükafatçısı, dünya və yeddiqat Avropa çempionu Mariya Stadnik (50 kq) mübarizəyə birbaşa dörddəbir final mərhələsindən başlayıb. Güləşçimiz bu mərhələdə polşalı Anna Lukasiak üzərində təmiz qələbə qazanaraq (10:0) adını yarımfinala yazdırıb. Yarımfinalda qadın pəhləvanımızın rəqibi türkiyəli Evin Demirhan olacaq.

Digər üç güləşçimiz səkkizdəbir final mərhələsində ilk görüşlərini qələbə ilə başa vurublar. A.Kolesnik (57 kq) Macarıstan təmsilçisi Ramona Qalambosu 10:0 hesabı ilə məğlub edərək dörddəbir finala yüksəlib. Lakin güləşçimiz dörddəbir finalda bolqarıstanlı Mimi Hristovaya uduzub – 0:6. Rəqib finala çıxacağı təqdirdə idmançımız təsəlliverici görüşdə iştirak hüququ qazanacaq.

E.Qəmbərova (62 kq) səkkizdəbir finalda almaniyalı Lutsi Manskeyə (4:0) qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb. Bu mərhələdə güləşçimizin rəqibi polşalı Katarina Madrovska olacaq.

Səkkizdəbir finalda yunanıstanlı Aykaterini-Eyrini Pitsiavaya 9:0 hesabı ilə qalib gələn S.Əliyeva (76 kq) dörddəbir Böyük Britaniya təmsilçisi Ceorcina Nelthopr ilə qarşılaşacaq.

Bu gün, həmçinin iki çəki dərəcəsində kişi güləşçilərimiz qızıl medal uğrunda mübarizə aparacaqlar. Hacı Əliyev (65 kq) finalda gürcü Vladimir Xinçeqaşvili, Nurməhəmməd Hacıyev (97 kq) isə Rusiya təmsilçisi Albdurəşid Sadullayev ilə qarşılaşacaqlar. H.Əliyev Bakı vaxtı ilə saat 19:50-də, N.Hacıyev isə saat 20:40-da xalça üzərinə çıxacaqlar.

Xatırladaq ki, ötən gün güləşçilərimizdən Mahir Əmiraslanov (57 kq) qızıl, Hacımurad Hacıyev və Cəmaləddin Maqomedov (125 kq) bürünc medal qazanıblar. Hazırda Azərbaycan yığmasının aktivində 1 qızıl, 4 gümüş və 9 bürünc medal var.

Xəbər 1126 dəfə oxundu.