Qitə yarışından dünya kubokuna
Fransanın Eks-le-Ben şəhərində kişilər arasında şahmat üzrə Avropa çempionatına yekun vurulub. 11-turluq mübarizədə 4 şahmatçı sonda hərəyə 8,5 xal toplayıb. Əlavə göstəricilərə görə, çempion adını rusiyalı Vladimir Potkin qazanıb. Qitə «gümüş»ünü polşalı Radoslav Voytaşek, «bürüncü» kişilərin yarışına qatılan macar qadın şahmatçı Yudit Polqar əldə edibляр. Ukraynalı Aleksandr Moiseyenko medalçılar sırasına düşə bilməyib.
11 şahmatçı hərəyə 8 xal toplayıb. Onların sırasında Azərbaycan təmsilçisi Rauf Məmmədov da var. Rauf 9-cu turdan sonra liderlər qrupuna daxil olaraq, qələbəyə ən real namizədlər sırasında yer almışdı. Lakin son turlardakı heç-heçələr onu medallardan yarım xal ayırdı. Nəticədə, şahmatçımız çempionatı 9-cu pillədə başa vurdu.
Yarışda 7,5 xal toplayan Namiq Quliyev 19-cu yeri tutub. Startı elə də uğurlu alınmayan Namiq son 5 turda cəmi yarım xal itirməklə ön sıralara irəliləyə bilib. Ümumiyyətlə, çempionata qatılmış 8 şahmatçımızdan, 393 iştirakçı arasında, ilk yüzlüyə 6,5 xalla Eltac Səfərli (71-ci yer) və Qədir Hüseynov (87-ci yer) da düşə biliblər.
Şahmatçılarımız Fransadan medal gətirə bilməsələr də, Namiq Quliyev qitə çempionatından dünya kubokuna vəsiqə qazanıb. O, həmin hüququ Eks-le-Bendə əldə edən 23 şahmatçıdan biridir. Rauf Məmmədov dünya kubokuna vəsiqəni hələ ötənilki qitə yarışında tutduğu 11-ci yerə görə qazanmışdı.
Yarışın mükafat fondundan əldə edilən qazanca gəldikdə, Rauf Məmmədov 4500, Namiq Quliyev 1600 avroya sahib olublar.
Maraqlıdır ki, qitə çempionatının reytinq favoritləri yüksək nəticə əldə edə bilməyiblər. Yarışa qatılmış 2700-dən yuxarı reytinqli 9 şahmatçıdan yalnız reytinq 7-cisi Voytaşek medalçılar sırasına düşüb. Çempionatın favoriti Pyotr Svidler (Rusiya) 8 xalla 8-ci, reytinq favoriti David Navarra (Çexiya) 6 xalla 128-ci yeri tutublar. Qitə çempionu adını qazanan Vladmir Potkin isə ilkin siyahıda yalnız 43-cü idi.

Xəbər 1140 dəfə oxundu.