Emil Həsənov: “Bürünc medal qazanacağıma əmin idim” - MÜSAHİBƏ
"Bürünc medal uğrunda qarşılaşmada qalib gələcəyimə əmin idim. Çünki, dünya reytinqində birinci yerdəyəm və açığı, rəqibimdən güclüyəm". Bu sözləri İkinci Avropa Oyunlarının sambo yarışında bürünc medal qazanmış Emil Həsənov "azsport.az" az saytına müsahibəsində deyib.

- Mehmanın qələbəsinin ardından ikinci bürünc medalı sən qazandın. Bu görüşdə qələbə qazanacağına nə qədər inanırdın?

- Bolqar rəqibimi artıq 4-cü dəfədir uduram. Əlbəttə, mən özümə çox inanırdım. Təəssüflər olsun ki, mən qızıl medal üçün yox, bürünc medal üçün güləşməli idim. İnanmazdım ki, yarımfinalda rəqibim məni bu qədər qabaqlayar. Rəqibim məni fənddə tutdu, sonra da müdafiəyə keçdi, güləşə bilmədim. Bürünc medal uğrunda qarşılaşmada qalib gələcəyimə əmin idim. Çünki dünya reytinqində birinci yerdəyəm. Bu yarışdakı rəqiblərin hamısını vaxtilə udmuşam. Ona görə də özümə çox arxayın idim.

- Belə başa düşdük ki, bürünc medal qazansan da, nəticədən razı deyilsən?

- Əlbəttə ki, razı deyiləm. Mən qızıl medal üçün hazırlaşırdım. Dünya reytinqində birinci yerdəyəm. Sadəcə, özümə çox güvəndim. Səhvə görə uduzdum.

- Ümumiyyətlə yarışın ən sürətli qələbəsini bürünc medal qarşılaşmasında sən qazandın. Belə çıxır ki, rəqibin psixoloji cəhətdən zəifliyi var idi?

- Xeyr. Əslində, o ciddi hazırlaşmışdı. Əgər səhv buraxsaydım, çətin olacaqdı. Çünki axırıncı dəfə 1:2 hesabı ilə bitmişdi. Rəqibim hazırlıqlı gəlmişdi. Şəxsi müəllimim “çalış sındır, güləşmədə sal yerə” demişdi. Onun dediyini elədim.

- Qarşıdakı planların?

- Qarşıda dünya çempionatı var. Çalışacağam çempion olum.

Xəbər 1281 dəfə oxundu.