Fərid Mansurov: “Komandamızdan yüksək əyarlı medallar gözləyirik” - MÜSAHİBƏ
"Təməli Azərbaycan tərəfindən qoyulan Avropa Oyunları artıq ikinci dəfə qitənin ən güclülərini işığına toplayır. Bu dəfə Minskdə keçirilən yarışlarda iştirak edəcək idmançılarımızdan yüksək əyarlı medallar gözləyirik. Komandamızın Minskdə yüksək nəticə əldə edəcəyinə inanırıq".

Bu sözləri Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov "azsport.az" saytına müsahibəsində deyib.

- 2-ci Avopa Oyunlarına start verilib. Dünən açılış mərasimi ilə böyük idman bayramı başlandı. Azərbaycan 82 idmançı ilə təmsil olunur. İdmançılarımızın hazırlıqları barədə nə deyə bilərsiniz?

- Bilirsiniz ki, ikinci Avropa Oyunları 15 idman növü üzrə keçirilir və bir neçə idman növündə 2020-ci il Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq. Rəqabət baxımından çox güclü bir yarışdır. Dünən möhtəşəm açılış mərasimi oldu. Bütün Avropa ölkələrinin komandaları paradda iştirak etdilər. Dünəndən yarışlara da start verilib. İdmançılarımız hazırda bəzi idman növlərində çıxışlarını davam etdirirlər. Əsas idmançıların çıxışları gələcək günlərdədir. Komandamızdan yüksək əyarlı medallar gözləyirik. Çünki bu yarışlara Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və federasiyalar tərəfindən yüksək səviyyədə hazırlıq işləri görülüb.

- İdman növləri üzrə hazırlıq prosesi nə vaxt başlanmışdı və daha çox hansı idman növlərində uğurlar gözləyirsiniz?

- İlboyu yarışlar ardıcıl olduğuna görə, idmançılar üçün çətindir. Həmişə fiziki formanı qoruyub saxlamalıdırlar. Hazırlıq prosesinə isə illər lazımdır. Biz bütün idman növlərindən yaxşı nəticə gözləyirik. Yaxşı nəticələr göstərmək iqtidarında olan idmançılarımız da var. Amma bilirsiniz, bu idmandır, pronozlaşdırmaq çətindir. Həm də belə Oyunlar surprizlərlə zəngin olur. Çünki bir qayda idmançılar gücünü ortaya qoymağa çalışır. Belə şans 4 ildə bir dəfə olur. İnanırıq ki, idmançılarımız adət-ənənələrimizə sadiq qalaraq, xalqımızı sevindirəcəklər.

- Ölkənin iqlimi idmançılarımızın çıxışları üçün problem yaratmır ki?

- Buranın iqlimi Azərbaycanın iqlimi ilə elə çox fərqli deyil. Ona görə də idmançlarımıza təsir etməyəcəyinə inanıram. Sadəcə, məkan dəyişikliyi var. Bu da tək bizim idmançılara aid deyil, bütün iştirakçı ölkələrin idmançıları müxtəlif yol və hazırlıq prosesi keçərək gəlib.

Xəbər 914 dəfə oxundu.