Albrext Reder: «Azərbaycan idmançısı üçün biz ağ rəngi seçmişik»
«Bakıda start götürəcək veloturda 180 velosipedçi mübarizə aparacaq. Bunlarda 16-sı qadın olacaq. İdmançıları 50-ə yaxın heyət müşayiət edəcək. Kişilər komanda, xanımlar şəxsi yarışda mübarizə aparacaqlar. Onlar sabah Azaldlıq meydanından yürüşə başlayacaqlar». Bu sözü «İdman» qəzeti və idman.com.az saytına açıqlamasında yarışın direktoru Albrext Reder deyib. Ulu öndər Heydər Əliyevin xatirəsinə ilk dəfə ölkəmizdə keçiriləcək veloyürüşün 5 mərhələdən ibarət olacağını xatırladan almaniyalı mütəxəssis, bu mübarizədə bizim idmançıların fəal yarışacağını bildirib:

«Turun ümumi lideri göy köynək geyinəcək. «Tur de Frans»da bu sarı rəngdədir. Hər mərhələdə xal hesabında qalib gələnə yaşıl idman geyimi veriləcək. Çətin keçilən dağ yollarını birinci bitirən velosipedçi qırmızı göynək geyinəcək. Nəhayət, ən yaxşı Azərbaycan idmançısı üçün biz ağ rəngi seçmişik. Bu köynəyi Odlar yurdu adlandırırıq. Belə seçim ölkə bayrağındakı rənglərlə əlaqədardır. Qaliblər yürüş zamanı həmin köynəklərdə ön sırada olacaqlar. Bundan savayı, sonda qalib gələnlərə bu 4 rəngli idman geyimi hədiyyə ediləcək».

Sözü gedən idmanın çətin növlərdən olduğunu qeyd edən Azərbaycan Velosiped İdmanı Federasiyasının idman direktoru Teo Mauxer, burada uğur qazanmaq üçün illərlə çalışmaq lazım gəldiyini bildirib. O, deyib ki, ölkəmizdə velosiped idmanı bu ilin əvvəlində aktiv fəaliyyətə başlayıb və qısa zaman ərzində müəyyən səviyyədə idmançı hazırlamağa nail olunub:

«Azərbaycanı bu yürüşdə 4 kişi idmançı təmsil edəcək. Bunlar «Sumqayıt» komandasından Emil Rüstəmov və Qurban Tağıyev, «Atasport» klubundan Akif Abdullayevlə Tural İsgəndərovdur. Onların hamısı gəncdir, beynəlxalq təcrübələri yoxdur. Sonuncu adı çəkilən velosipedçi nisbətən parktikalıdır. O, Almaniyanın peşəkar komandalarının birində 8-10 həftə hazırlıq keçib. Hesab edirəm ki, Tural İsgəndərovdan hansısa qənaətbəxş nəticə gözləməyə dəyər».

KAMRAN

Xəbər 1246 dəfə oxundu.