Gənclər arasında Avropa çempionatında medal qazanmış güləşçilər mükafatlandırılıb
İyunun 21-də Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti əvəzi Namiq Əliyev ötən həftə İspaniyanın Pontevedra şəhərində keçirilmiş gənclər arasında Avropa çempionatında medal qazanmış güləşçilərlə görüşüb.

Güləşçilərin çıxışlarını yüksək qiymətləndirən N.Əliyev bu nailiyyətlərin əsasında Prezident İlham Əliyevin idmana, o cümlədən güləşə qayğısının dayandığını vurğulayaraq deyib: “Güləşçilər yaradılan şəraitdən istifadə edərək bacarıqlarını göstərməli, öz üzərlərində maksimum dərəcədə işləməlidirlər. İnsan ancaq çalışmaqla uğura nail ola bilər. Yığmada heç kimin yeri təmin olunmayıb. Heç kim zəmanət verə bilməz ki, burada əyləşən gənclərdən kimsə gələn il Tokio Olimpiadasında iştirak etməyəcək. Toğrul Əsgərov Olimpiya Oyunlarına yollananda cəmi 19 yaşı vardı. Səhvlərinizi təhlil edib aradan qaldırmalısınız. Tallinndə keçiriləcək gənclər arasında dünya çempionatına ay yarım vaxt qalıb. Mundiala daha yaxşı hazırlaşmaq lazımdır. Ümid edirəm ki, Avropa çempionatında gümüş və bürünc medal qazananlar dünya çempionatında daha yaxşı nəticələrə imza atacaqlar. Hamınıza uğurlar arzulayıram”.

Xatırladaq ki, gənclər arasında Avropa çempionatında sərbəst güləşçilərdən Turan Bayramov (65 kq) və Abubakr Abakarov (79 kq) qızıl, Asxab Həmzətov (92 kq) gümüş, İslam Abıyev (125 kq) bürünc medal qazanıblar. Yunan-Roma güləşçilərindən isə Əsgər Əlizadə (60 kq) gümüş və Zaur Əliyev (55 kq) isə bürünc medala sahib olublar.

Xəbər 723 dəfə oxundu.