Zemfira Həşimova və Birgül Soltanova üçün bürünc medal şansı
İtaliyanın Faenza şəhərində keçirilən yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir.

Çempionatın üçüncü günündə 43, 49, 57, 65 və 73 kiloqram çəki dərəcələrində çıxış edən qızlar mübarizəyə qoşulublar.

Yarışa dörddəbir finaldan başlayan Zemfira Həşimova Belarus güləşçisinə çətinlik çəkmədən qalib gələrək yarımfinala yüksəlib. Lakin o, yarımfinalda ukraynalı rəqibinə müqavimət göstərə bilməyib. Z.Həşimova bu gün bürünc medal uğrunda güləşəcək.

Gültəkin Şirinova qitə birinciliyinə inamlı start verib. Həmyerlimiz birinci mərhələdə bolqarıstanlı rəqibinə qalib gəlib. Ancaq təmsilçimiz dörddəbir finalda Belarus idmançısı ilə bacarmayıb.

Birgül Soltanova ukraynalı həmkarı ilə qarşılaşmada qələbəni sona on saniyə qalmış əldən verib. Rəqib finala yüksəldiyi üçün B.Soltanova bu gün təsəlliverici görüşə çıxmaq şansı qazanıb.

Nigar Mirzəzadə də yarışa iddialı başlayıb. Yığmamızın üzvü ilk görüşdə ispaniyalı güləşçiyə qalib gəlsə də daha sonra ukraynalı rəqibinə uduzub.

İyunun 20-də yarışın dördüncü günündə 40, 46, 53, 61 və 69 kiloqram çəki dərəcələrində çıxış edən qız güləşçilər mübarizəyə qoşulacaqlar. Üç güləşçimizin rəqibi artıq müəyyənləşib. Lalə Mirzəyeva (46 kq) polşalı Marta Qruşkieviç ilə üz-üzə gələcək. Elnurə Məmmədova (53 kq) Almaniya idmançısı Amori Olivya Andriç, Mərziyə Sadıqova isə fransalı güləşçi Çadia Ayaçi ilə qarşılaşacaqlar.

Xəbər 830 dəfə oxundu.