Avropa Oyunları qitədə ən mühüm idman hadisələrindən birinə çevriləcək
Avropa Oyunları qitədə ən mühüm idman hadisələrindən birinə çevriləcək. Litva Milli Olimpiya Komitəsinin prezidenti Dayna Qudzinyaviçyute bu fikri ölkə yığmasını Minskə, II Avropa Oyunlarına yola salarkən söyləyib.

Dayna Qudzinyaviçyute deyib: “Hələlik cəmi ikinci Oyunlar keçirilir, hələ hər şey ənənə halı almayıb, lakin Minskdə Beynəlxalq Olimpiya Komitəsinin növbədənkənar sessiyası keçiriləcək və növbəti Oyunların keçiriləcəyi yer orada elan ediləcək. Bu fakt onu göstərir ki, düzgün istiqamət seçilib. Avropa Oyunlarının böyük gələcəyi var, bu Oyunlar Avropada ən mühüm idman hadisəsinə çevriləcək”.

Litva Minskə 73 idmançıdan ibarət yığma komanda göndərib. Onlar Oyunların proqramının 13 növündə yarışacaqlar. Litva MOK-un prezidenti yığma komandasının üzvlərinə xeyir-dua verərək deyib: “Ümidvarıq ki, Siz bu Oyunlarda həm iştirak edəcək, həm də qələbələr qazanacaqsınız. Güman edirik ki, sizlərdən kimsə Olimpiya Oyunlarına vəsiqə alacaq, kimsə fəxri kürsüyə çıxacaq”.

II Avropa Oyunları iyunun 21-dən 30-dək Minskdə keçiriləcək. Oyunlarda 50 ölkədən 4 mindən çox atlet iştirak edəcək. 15 idman növündə 200 mükafat dəsti uğrunda mübarizə gedəcək. 8 idman növündə yarışlar Tokioda keçiriləcək Olimpiya Oyunları üçün təsnifat mərhələsi hesab ediləcək.

AZƏRTAC

Xəbər 793 dəfə oxundu.