FIFA heyranlığını gizlətmir, UEFA nümunə göstərir
Bakıda ən azı üç, bənzəri olmayan, həqiqi nadir muzey var. Bu faktdır - nə boş uydurmadır, nə müəllifin xəyalpərəstliyinin məhsulu və nə də arzu olunanı həqiqət kimi təqdim etmək cəhdi. Onlardan biri mini-kitablar toplayıb nümayiş etdirir (o cümlədən, ölkə xaricində; məsələn, Belarus və Moskvada). O, cəmiyyətin bütün təbəqələrinin nəinki etimadını, hətta ölçüyəgəlməz məşhurluq qazanıb və hətta bu yazının müəllifi, dolayısı yolla olsa da, Pekin Olimpiadasında qızğın mübarizənin getdiyi günlərdə bu muzeyin yaradıcısı və qoruyucusu, Azərbaycan basketbol yığmasının keçmiş oyunçusu və indi Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü Zərifə xanım Salahova ilə birgə, muzey fondunun eksponatlarının sayının artırılmasında iştirak edib.

Digər ikisinin idmana bilavasitə bağlılığı var və şəhərin muzey "ocaqları"nın fəxri və yaraşığıdır: biri velosiped muzeyidir; doğrudur, BDU-nun professoru Ələddin Şabanov qəzaya uğrayıb yatağa düşəndən sonra muzeyin eksponatlarla zənginləşdirilməsində fəallıq səngidiyindən, professorun təşəbbüs göstərib hədsiz qayğı ilə qurduğu bu muzey bir qədər unudulub. O biri isə futbol muzeyidir.

Hətta çox rəmzidir ki, muzeyin fəxri qonaqlar kitabında ürək sözlərini yazmış ilk şəxs Beynəlxalq futbol federasiyasının (FİFA) prezidenti Yozef Blatter olub və o, gördüklərindən və eşitdiklərindən heyrətə gələrək, birbaşa və birmənalı şəkildə deyib: "Mən heç yerdə ikinci belə muzey tanımıram!".
O öz vizit vərəqinə fərəh hissi ilə avtoqraf qoyub, muzeyin direktoru Abbas Əzimova təqdim edə-edə, daha böyük sevinclə bu hərəkətini şifahi olaraq bu sözlərlə tamamladı: "Deyirsiniz, 75 yaşınız var və biz, demək olar ki, həmyaşıdıq? Nə deyirəm, arzu edirəm 90-a kimi yaşayasınız və Sizin bu muzeydə yenə görüşə bilək".
Zarafatyana, lakin həm də ciddi mənası olan bu dialoqa Avropa futbol qurumunun başçısı Mişel Platini bir az qabağa gedib əlavə etdi: "Görürəm, Azərbaycanda nəinki qol vurmağı bacarırlar, həm də onların xatirəsini çox əziz tuturlar... Biz UEFA-da bütün milli federasiyalara azərbaycanlı dostlarımızın təcrübəsini öyrənməyi və mənimsəməyi tövsiyə edəcəyik. Axı, yəqin ki, Belçikada da, İngiltərədə də, elə bizdə - Parisdə də, Lionda da, Lilldə də nümayiş etdirmək üçün nəsə var!".

Yəqin elə Abbas Əzimovun özü də tam əminliklə deyə bilməz ki, yaradıldığı ilk gündən rəhbərlik etdiyi və məncə, MDB-də yeganə və təkrarolunmaz futbol muzeyində hansı eksponat xüsusi fəxr mənbəyidir. Müxtəlif illərdə ölkənin futbol həyatındakı bu və ya digər əlamətdar hadisəni təcəssüm etdirən fotoşəkillər, stadiona dəvət edən afişa və plakatlar, yaşıl meydanların qəhrəmanlarına həsr olunmuş kitablar və bukletlər, ümummilli lider Heydər Əliyevin və onun yolunun sadiq davamçısı Prezident İlham Əliyevin Azərbaycan futbolu haqqında fikirləri əks olunmuş transparantlar - bütün bunlar Abbas Əzimovun "təsərrüfat"ında cəm olunub. Hələ üstəlik, elmi dillə desək, fondun zənginləşməsi demək olar ki, həftədən həftəyə davam edir, ələlxüsus da indi - Azərbaycan futbolunun 100-illik təntənələrinə genişmiqyaslı hazırlıq qızışdığı bir vaxtda bu, bir qədər də sürətlənib. Bir gün buradakı stendlərdən birində, deyək ki, unudulmaz Tofiq Bəhramovun dünya çempionatı-66-nın Londondakı final matçına çıxarkən geyindiyi köynəyi, onun hakim saniyəölçənini və çox əla işinə görə Böyük Britaniyanın kraliçasının təltif etdiyi "qızıl fit"i görsəm, heç təəccüblənmərəm.
Abbas Əzimov yəqin heç xatırlamır da: AFR yığmasının əfsanəvi qapıçısı, elə indicə haqqında danışdığım matçda İngiltərə milli komandasına Qızıl İlahə "Nike"ni uduzmuş Hans Tilkovski iki il bundan əvvəl Bakıya hansı missiya ilə təşrif buyurmuşdu. Amma almaniyalı kiper muzeydə səmimi qəlbdən və dostcasına söylədiyi sözləri, deyəsən, hələ uzun müddət xatırlayacaq.

- Milli stadiona Bəhramovun adını verməyiniz hər hansı tərifdən də yüksəkdir. Öz ölkəsini dünyaca şöhrətləndirmiş, dünya futbolunun nüfuzunu xilas etmiş insanın xatirəsinə ehtiram, bax, belə olar! Amma sizin yerinizdə olsaydım, bir az da irəli gedərdim və əminəm ki, onun yaşıl örtüyü üzərində futbol çevikliyi möcüzəsi və hakim qərəzsizliyi nümayiş etdirdiyi "Uembli" stadionuna da Tofiq Bəhramovun adı verilsəydi, FİFA da, İngiltərə futbol federasiyası da bu təşəbbüsü dəstəkləyər, London meriyası da, belə zənn edirəm ki, etiraz etməzdi. Bunu etmək heç vaxt gec deyil, xüsusən də indi, stadion tam yenidən qurulduqdan sonra-lap yeridir.

Niyə də muzeydə professor Ələkbər Məmmədovun uzaq 1955-ci ildə artıq məşhurlaşmış İtaliya peşəkar klubu "Milan"ın qapısına bir-birinin ardınca dörd (!!!) qol vurduğu oyunda geyindiyi köynək və buts nümayiş etdirilməsin?! Bu böyük Azərbaycan futbolçusunun Moskva "Dinamo"su ilə SSRİ çempionatlarında qazandığı dörd qızıl medal, keçmiş İttifaq yığmasının heyətində Avropa çempionatında əldə etdiyi mükafat niyə bu sırada olmasın?

- Muzeydə Azərbaycan futbolunun yüzillik tarixi əksini tapıb, - Milli Məclisin deputatı, AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev bir qədər uca səslə, düşünürmüş kimi deyir. - Onun ekspozisiyalarının bu çoxplanlılığı və çoxtərəfliliyi, sözsüz ki, indidən böyük təlim-tərbiyə rolu oynayır və bu əhəmiyyəti get-gedə artacaq. Əminəm ki, hər bir peşəkar, hər bir həvəskar futbolsevərdən ötrü muzey milli idman dəyərlərimizin dərk olunması üçün böyük dayaqdır. Ən nəhayət, o, bütün MDB məkanında yeganə Futbol şöhrəti muzeyidir və biz, haqlı olaraq, onunla fəxr edirik.

- Yadımdadır, - Əməkdar məşqçi, "Şöhrət" ordenli Ağasəlim Mircavadov deyir, - muzeyə ilk dəfə Azərbaycan yığmasının indiki baş məşqçisi Berti Foqtsla gəlmişdim. Məncə, onu təqdim etməyə elə bir ehtiyac yoxdur. Bu alman həmkarım, oyunçu olduğu vaxtlarda da, elə indi də - adlı-sanlı klubları və milli komandaları çalışdırmış yetkin məşqçi kimi ziyalılığı ilə fərqlənir, onun incə estetik zövqü və çox geniş dünyagörüşü var. Demək olar ki, bütün dünyanı gəzib-dolaşıb və müxtəlif sahələrdə biliklərinə və məlumatlığına lap həsəd aparmaq olar. Bax, həmin bu Foqts bizim muzeydə gördüklərimə lap mat qalmışdı, usanmadan təkrarlayırdı ki, belə kolleksiyalara dünyanın əksər ölkələrində rast gəlməzsən, bəlkə də bircə Braziliyada görmək olar!

Bu sətirlərin müəllifindən: bəli, məhz "bircə Braziliyada" - əcnəbi həmkarlarım deyirlər ki, orada futbol tarixi muzeyi yalnız yığma komanda üçqat dünya çempionu olandan sonra yaradılıb və hətta açılışında futbol əfsanəsi Pele özü, 1958-ci il Braziliya komandasında onun hücum yoldaşı olmuş Qarrinça çıxış ediblər. Bir də, mənə Budapeştdə Puşkaş, Qroşiç, Koşiç, Hideqkutinin iştirakı ilə həmin unudulmaz Macarıstan yığmasının Avropada, ən güclü sayıldığı dövrlərin xatirəsini yaşadan eksponatların çoxluq təşkil etdiyi futbol muzeyini nümayiş etdiriblər.

- Çox yaxşıdır ki, muzeyi yaradanda, Azərbaycan futbolunun bütün yüzillik tarixinə diqqət yetirməyə çalışmısınız, - deyə Humbolt adına Berlin Universitetinin yenicə təsis edilmiş Azərbaycanşünaslıq kafedrasının müdiri, professor Yeva-Mariya Aux etiraf etdi. O, BDU-nun şərqşünaslıq fakultəsinin məzunudur, XIX əsrin ortalarında Gəncə yaxınlığında yurd-yuva qurmuş alman koloniyaçıların həyat və məişətinin tədqiqi ilə məşğuldur; bu tədqiqatlardan sonra belə məlum olur ki, onlar təməlini qoyduqları Yelenendorf və Annensdorf kəndlərində Bakıdakılar futbolu özləri üçün kəşf etməzdən də xeyli erkən oynamağa başlayıblar.

- Ola bilər ki, - onun sözlərini bir müddət əvvəl Almaniyaya köçmüş və frau Yeva-Mariya Auxu səfərdə müşayiət edən alim Rasim Mirzəyev tamamlayır, - vaxt gələcək, bizim bu işimiz respublikada futbolun yaranması, təşəkkül tapması və inkişafı mərhələlərinin müəyyənləşməsi tarixinə bəzi düzəlişlər edəcək.

Mən, muzeyə gələn sıravi insanlardan bilərəkdən sitatlar çəkmirəm. Əlbəttə, istisnasız olaraq, onların hamısı muzeyin rəylər kitabında gördüklərindən heyranlıqlarını əks etdirən qeydlər yazıblar. Lakin mənə elə gəlir ki, təəssüartların əcnəbi qonaqlarda formalaşdırdığı fikirlər daha maraqlıdır.

Qoyulan avtoqraflara müraciət etməzdən əvvəl, bir qeydə diqqət saxlamağınızı xahiş edərdim - onu bura 2009-cu il yanvarın 28-də Bakıda olmuş (axı, nə etmək olar, həyat belədir və o, bəzi adlı-sanlı futbolçularımızı dünyanın 4 bir yanına səpələyib), postsovet məkanında dörd respublikanın (Azərbaycan, Ukrayna, Moldova və Tacikistanın) yeganə əməkdar məşqçisi Əhməd Ələsgərov qoyub. Bir dəfə hansısa məqaləmdə onu, müxtəlif illərdə həm “Neftçi", həm Azərbaycan yığması, həm də Naxçıvan “Araz"ı ilə heç də əziyyətsiz olmayan, lakin müvəffəqiyyətlə çalışdığı bu bəxtsiz məşqçini “bürünc-66"nın memarı adlandırmışdım və bu gün də qısaca söylənmiş bu fikrimin mütləq doğruluğunu iddia edirəm. Və indi təqaüdçü, Odessada sakit dinc ömür sürsə də, bütün qəlbi, ürəyi ilə doğma Bakısına bağlı və əti ətindən, qanı qanından olan ölkəsinə sadiq Əhməd Ələsgərov muzeydə olmasının onda ən yaxşı hisslər oyatdığını, “Neftyanik"də oynadığı, doğma klubunda, Düşənbədə, Kişinyovda, Odessada məşqçilik etdiyi o unudulmaz illəri xatırlatdığını qeyd etməsini mən çox gözəl anlayır və onun qəlbini bürümüş, ürəyinin ən incə tellərini titrətmiş həmin nisgilli hissləri, həmin qürur və sevinc duyğularını onunla bölüşürəm...

Elə İqor Ponomaryovu, futbolumuzda yeganə olimpiya çempionunu da başa düşürəm. O, indi Bakının havasını udmur, Bakının doğma küçələrində addımlamır, uzaq sahillərdə - İsveçdə yaşayır. Amma bu, şairin vəsf etdiyi həmin surətdir: “El bilir ki, sən mənimsən, yurdum, yuvam, məskənimsən!..". Məşqçilik yolu-yolçuluğu Azərbaycandan da keçən İqor Ponomaryov rəylər kitabında Azərbaycan futboluna bağlılığını və ona borcunu ən ülvi sözlərlə təsbit edir və ucsuz-bucaqsız, sirli-sehrli tellərlə “onu bir daha ona bağlayan" unudulmaz xatirələrindən yazır.

Hə, bir də azərbaycanlı həmyaşıdları ilə oyun keçirmiş SSRİ veteranlar komandasının futbolçularının burada qoyduğu - ürəyin fərmanı ilə tam səmimiyyətlə yazılmış sətirləri həyəcansız oxumaq olmur: “Əziz azərbaycanlı dostlar, idman taleyinin bizə bəxş etdiyi o nurlu görüşlərimizi heç vaxt yaddan çıxarmarıq və inanırıq ki, onları siz də unutmayacaqsınız. Bizi bir-birimizə futbol bağladı, əldə etdiyimiz və yetişdiyimiz hər şeyi ona borcluyuq. Və qoy yaşasın futbol!"

Əminəm ki, iyun ayı - əsas bayram təntənələri və mərasimləri yaxınlaşdıqca, Futbol şöhrəti muzeyinin ekspozisiyaları da artacaq və daha rəngarəng olacaq. Həm ümid edir, həm də inanıram ki, SSRİ yığmasının və “Neftçi"nin tanınmış bombardiri, unudulmaz Anatoli Banişevskinin və onun 1966-cı ildə Ümumittifaq çempionatının bürünc medalçısı olmuş komanda yoldaşlarının şəxsi əşyaları, mükafat və təltifləri, dünya və Avropa birinciliklərində şöhrət tapmış, uğur qazanmış, xarici nəşrlərdə haqqında daha çox söz açılmış digər Azərbaycan futbolçularının, hakimlərin, məşqçilərin fəxri fərman, diplom, fərqlənmə nişanları Abbas Əzimovun və onun köməkçilərinin ixtiyarına veriləcək.

Çox istərdim ki, bütün bu ucu-bucağı görünməyən palitra təkcə bakılılar üçün əl çatan olmasın və təkcə AFFA-nın mənzil-qərargahında yaradılmış muzeyin damı altında nümayiş etdirilməsin. Nə gizlədim, bu barədə Tbilisi prospektində yerləşən Heydər Əliyev adına İdman-Konsert Kompleksinin direktoru, Əməkdar bədən tərbiyəsi və idman xadimi Rafiq Behbudovla da söhbət etmişəm.
- Nə problem var ki, - elə ilk kəlmədən məni başa düşən, ölkənin ən böyük idman qurğusunun rəhbəri dedi, - biz foyemizdəmi deyim, zallarımızdan birindəmi deyim - istənilən uyğun yerdə Futbol şöhrəti muzeyinin, belə demək mümkünsə, səyyar sərgisini təşkil edə bilərik. Söz yox ki, bu, bir tərəfdən, ayaqtopu oyununun bundan sonra daha geniş yayılmasına, müəyyən mənada, öz təsirini göstərəcək; digər yandan, Azərbaycan futbolunun 100-illik təntənələrinə bizim, kiçik də olsa, töhfəmiz olardı.

Hə, bir də, görün, ağlıma nə gəldi: axı, nədən AFFA, muzeyin rəhbərliyini respublikanın müxtəlif rayon və şəhərlərində inşa olunmuş çoxsaylı olimpiya idman komplekslərini bu sayaq işlərə cəlb etməsin? Amma təsəvvür edirsiniz: Şamaxıda, Masallıda, Lənkəranda, Naxçıvanda, İmişlidə, Salyanda, Bərdədə, Şəkidə, bir sözlə, bu olduqca müasir idman qurğularının istifadəyə verildiyi hər yanda, Futbol şöhrəti muzeyinin, ölkənin hər yerində və hamının sevimlisi olan bu oyunun 100-illik yolu - o şanlı oyunların və turnirlərin əks-sədasını bu günün uşaqlarına çatdıran, Bakı “Neftçi"sinin, Gəncə “Kəpəz"inin, Ağdam “Qarabağ"ının, Zaqatala “Daşqın"ının, Mingəçevir “Avtomobilçi"sinin, Qazax “Göyəzən"inin qələbələrini yaşadan, “Sevinc" uşaq turnirlərinin, "Gənclik" və “Ümid" kuboklarının qaliblərinin şöhrətini artıran ekspozisiyalar nümayiş etdirilir.

Düzü, bunda yerinə yetirilməsi mümkün olmayan nəsə görmürəm. Sadəcə, istəmək lazımdır və onda hər şey yağ kimi gedəcək.
Bakıda ən azı 3 nadir, həqiqtən də dünyada analoqu olmayan muzey var. Və bu fakt danılmazdır.

Amma çox da uzaq olmayan keçmişdə Bakıda bir muzey də var idi və onun yeganəliyi sırf vəziyyət və tarix baxımından izah olunurdu. Lakin onun yaradlımasına və fəaliyyətinə şəxsiyyət, dövlət marağı olmayanda, muzey aramla, labüd şəkildə və qəti olaraq əbədiyyətə qovuşdu. Futbol şöhrəti muzeyininsə taleyi heç vaxt kiminsə qəzəbinə tuş gəlib acı olmayacaq, əksinə, tam başqa, fərəhlə yüksələcək. Çünki nə qədər ki, Yer kürəsində mədəniyyət var və o, çiçəklənir, futbol da əbədidir.

Futbol ömürlükdür. Və bizim Azərbaycanda o, hesab edin ki, ömrünə yazılmış saysız-hesabsız yüzilliklərdən birini artıq yaşadı. Və o bu 100 ili, təvazökarlıqdan artıq nəsə söyləmədən, şərəflə və ləyaqətlə keçdi.

Axı, heç də əbəs deyilməyib: ömürə calanan ömür. Və yerindən asılı olmayaraq, həmişə sözardı əvəzinə deyilən hazır ifadə bu dəfə və bu yerdə böyük işlərə və əbədiyyətə çağıran ulu və qüdrətli söz kimi səslənməlidir: “Amin!"

Xəbər 1610 dəfə oxundu.