Çimərlik futbolu üzrə Azərbaycan birinciliyi keçirilib
AFFA-nın və Azərbaycan Çimərlik Futbolu Federasiyasının təşkilatçılığı ilə 10, 14 və 19 yaşadək futbolçulardan ibarət komandalar arasında çimərlik futbolu üzrə Azərbaycan birinciliyi keçirilib.

Su İdman Sarayının ərazisindəki çimərlik futbolu meydançasında keçirilən yarışda 20 komanda qalib adı uğrunda mübarizə aparıb. Turnirdə 10 yaşadək futbolçuların mübarizəsində “Sunami”, EFA və 8 nömrəli İdman Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (İOEUGİM) komandaları müvafiq olaraq ilk üç pillədə qərarlaşıblar.

Yarışda Bayram Quliyev (“Sunami”) ən yaxşı qapıçı, Vaqif Məmmədli (8 nömrəli İOEUGİM) isə ən yaxşı oyunçu adına layiq görülüb. Turnirin ən məhsuldar futbolçusu David Əbilov (“Gənclik”) olub.

EFA komandası isə 14 yaşadək futbolçuların yarışında birinci yeri tutub. “Təhsil” və “Asta” komandaları sonrakı iki yerə layiq görülüblər. Bu yaş qrupu üzrə Xəyal Dadaşov (EFA) ən məhsuldar futbolçu, Amir Qəribov (EFA) ən yaxşı qapıçı, Nicat Heydərov (“Təhsil”) isə ən yaxşı oyunçu seçilib.

On doqquz yaşadək futbolçuların mübarizəsində isə “İdman Akademiyası” komandası qalib olub. EFA ikinci, “Soliton” isə üçüncü yeri tutublar.

Sonda mükafatlandırma mərasimi keçirilib və qalib komandaların üzvləri təltif olunub.

Mükafatları Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi, vitse-prezident Fərid Axundov, çimərlik futbolu üzrə milli komandanın baş məşqçisi Zeynal Zeynalov və köməkçi məşqçi İlqar Əbdulov təqdim ediblər.

Xəbər 738 dəfə oxundu.