Bu gün “Avro 2020”nin biletlərinin satışına start verilib
Futbol üzrə 2020-ci ildə keçiriləcək Avropa çempionatının oyunlarına biletlərin satışına iyunun 12-də start verilib. Bilet almaq arzusunda olanların müraciəti üçün qeydiyyat saytı iyunun 12-dən fəaliyyətə başlayıb.

Müraciətlərin qəbulunun müddəti iyunun 12-dən iyulun 12-dək davam edəcək. Futbol həvəskarlarının arzusu püşkatma yolu ilə yerinə yetiriləcək. Bununla yanaşı, bilet əldə etmək hüququ müraciətin verilmə tarixindən asılı olmayacaq. Müraciətlərin baxılmasına avqustun sonunadək yekun vurulacaq.

Bakı da daxil olmaqla 12 şəhərdə keçiriləcək çempionata ən ucuz biletlər paytaxtımızla yanaşı, Buxarestdə və Budapeştdə satışa çıxarılacaq. Kateqoriyalardan asılı olaraq, biletlərin qiymətləri 30, 75 və 125 avro təşkil edəcək.

UEFA birinci mərhələdə 1,5 milyon biletin satışa çıxarılacağını açıqlayıb. Turnirin yarımfinal mərhələsinə biletlərin qiyməti kateqoriyalardan asılı olaraq 195, 345 və 595 avro təşkil edəcək. Final oyununu izləmək istəyən azarkeşlər isə müvafiq olaraq 295, 595 və 945 avro ödəməlidirlər.

Bakıda keçiriləcək görüşlərdə tamaşaçı biletlərinin 82 faizi iştirakçı komandaların tərəfdarları və ictimaiyyət üçün nəzərdə tutulub. Qırx dörd oyun üçün 1 milyon bilet 50 avro və ya daha ucuz qiymətə satılacaq. Londonda keçiriləcək iki yarımfinal və final oyunları üçün nəzərdə tutulan biletlərin 40 mini 100 avrodan ucuz qiymətə təklif ediləcək. Satışların birinci mərhələsində bilet üçün müraciət etmiş, lakin əldə edə bilməmiş azarkeşlər üçün yeni imkan olan kimi onlar bu barədə dərhal məlumatlandırılacaqlar.

Bakı Olimpiya Stadionunda çempionatın qrup mərhələsinin üç, dörddəbir final mərhələsinin isə bir oyunu təşkil olunacaq. UEFA-nın elan etdiyi təqvimə əsasən, Bakıda “A” qrupunun üç oyunu iyunun 13-də, 17-də və 21-də keçiriləcək. Dörddəbir final mərhələsinin qarşılaşması isə iyulun 4-də oynanılacaq.

Gələn il iyunun 12-dən iyulun 12-dək keçiriləcək çempionatın qarşılaşmalarına Bakı, Amsterdam, Bilbao, Budapeşt, Buxarest, Qlazqo, Dublin, Kopenhagen, London, Münxen, Roma və Sankt-Peterburq şəhərləri ev sahibliyi edəcək.

Xəbər 730 dəfə oxundu.