Atletika üzrə 92-ci Azərbaycan çempionatının açılışı olub
İyunun 7-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda atletika üzrə 92-ci Azərbaycan çempionatına start verilib. Gənclər və İdman Nazirliyinin, Azərbaycan Atletika Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə keçirilən turnirdə qadınlar və kişilər iştirak edirlər.

Böyüklər arasında keçirilən çempionatda atletlər 100, 200, 400, 800, 1500 və 3000 metr məsafələrə qaçış, 4x200 metr məsafədə estafet qaçışı, uzunluğa, hündürlüyə və üçtəkanla tullanma, eləcə də nüvəitələmə, lövhəatma, nizəatma yarışlarında qüvvələrini sınayırlar.

Yarışın açılışında əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Çempionatın açılış mərasimində çıxış edən AAF-ın vitse-prezidenti Firat Hüseynov Prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafına yüksək diqqət və qayğısı nəticəsində Azərbaycanın dünyada idman dövləti kimi tanındığını diqqətə çatdırıb. O, Azərbaycanda idmanın digər növləri kimi, yüngül atletikanın da sürətlə inkişaf etdiyini bildirib, bu baxımdan belə turnirlərin əhəmiyyətini vurğulayıb. F.Hüseynov gələn ay Bakıda Avropa Gənclər Yay Olimpiya Festivalının keçiriləcəyini diqqətə çatdıraraq bu mötəbər turnirin Azərbaycan atletləri üçün də böyük sınaq olacağını deyib. Azərbaycan çempionatında atletlərin göstərdikləri nəticələrin gələcəkdə onların beynəlxalq yarışlarda iştirakına imkan yaradacağını deyən F.Hüseynov idmançılara uğurlar arzulayıb.

Gənclər və İdman Nazirliyinin əməkdaşı Sevda Mirzəyeva ölkəmizdə idmanın sürətli inkişafına göstərilən yüksək diqqət və qayğıdan danışıb, çoxsaylı yerli və beynəlxalq turnirlərin təşkil olunduğunu bildirib. O, ölkəmizdə atletikanın kütləviliyinin təmin olunması baxımından çempionatın önəmini vurğulayıb.

Ümumilikdə 110 idmançının qatıldığı çempionat iki gün davam edəcək. Yarışlarda paytaxtla yanaşı, Gəncə, Naxçıvan və Sumqayıtdan olan atletlər də iştirak edirlər. Çempionatda 10 komanda mübarizə aparır.

Yarışlarda Gürcüstan atletləri müsabiqədən kənar iştirak edirlər.

Xəbər 828 dəfə oxundu.