Badmintonçularımız “Azerbaijan International 2019” turnirində onaltıdabir finala yüksəlib
“Azerbaijan International 2019” turnirində ikinci yarış gününə yekun vurulub.

5 kateqoriya üzrə keçirilən yarışın ikinci günündə təsnifat, ardınca əsas mərhələnin görüşləri keçirilib. Otuz doqquz ölkədən 248 badmintonçunun yarışdığı turnirdə bu gün 1/32 final mərhələsinin görüşləri başa çatıb.

Badmintonçularımızdan kişilərin qoşa yarışında Edi Reski Dviçayo-Ezmi Qovimuramadhoni cütü İran təmsilçiləri Əmir Cabbari-Mehran Şahbazi tandeminə 2:0 (21-19, 24-22) hesabı ilə qalib gəlib. Kişilərin qoşa yarışında Azərbaycan derbisi baş tutub. Cahid Əlhəsənov-Səbuhi Hüseynov cütü Zaur İsazadə-Seyid Mircəfərov qoşasına 2:0 (21-11,21-12) hesabı ilə qalib gəlib. Aqil Qəbilov-Rəvan Niftəliyev qoşası sinqapurlu Kai Terri-Kin Hin cütünə 0:2 (8-21, 2-21) hesabı ilə uduzub. Kərim Musayev-Tural Rəsulov cütü fransalı Kristo Popov-Toma Junior Popov tandeminə 0:2 (7-21, 9-21), Cavanşir Kişiyev-Rəvan Rüstəmov cütü isə türkiyəli Mehmet Capar-Emre Sönmez tandeminə 0:2 (4-21, 4-21) hesabı ilə məğlub olublar. Qarışıq-qoşa yarışlarında mübarizə aparan Orxan Qələndərov-Adilə Mehtiyeva cütü türkiyəli Mert Tunco-Yasemen Bektaş tandeminə 0:2 (9-21, 7-21) hesabı ilə uduzub. Səbuhi Hüseynov-Elnurə Cəfərova isə hindistanlı Saurab Şarma-Anouşka Parix qoşasına 0:2 (11-21, 7-21) hesabı ilə məğlub olub. Kişi badmintonçuların şəxsi yarışında Edi Reski Dviçayo fransalı Lukas Korve ilə üz-üzə gəlib. Gərgin keçən qarşılaşma 3 set davam edib. Korve badmintonçumuzu 2:1 (19-21, 21-13, 21-7) hesabı ilə məğlub edib.

Turnirin bütövlükdə gedişatını isə Avropa Badminton Konfederasiyasının rəsmi “YouTube” kanalı vasitəsilə izləmək mümkündür. Nəticələri isə onlayn olaraq Dünya Badminton Federasiyasının rəsmi saytında izləmək olar.

Xəbər 827 dəfə oxundu.