“Azerbaijan International 2019” turnirində 39 ölkədən 220 badmintonçu iştirak edəcək
İyunun 6-9-da Bakı İdman Sarayında keçiriləcək badminton üzrə “Azerbaijan International 2019” turnirində 39 ölkədən 220 idmançı mübarizə aparacaq. Turnirdə Azərbaycanı 5 kateqoriya üzrə 20 idmançı təmsil edəcək.

Bunu turnirlə bağlı təşkil olunan mətbuat konfransında milli komandamızın baş məşqçisi Morteza Validarvi deyib.

Turnirin əsas məqsədinin ölkəmizdə badmintonun kütləviliyinin artırılması, gəncləri idmanın bu növünə cəlb etmək olduğunu deyən M.Validarvi bildirib ki, komandamız iyunun 5-də Bakı İdman Sarayında sonuncu məşqini keçirəcək. Belə turnirin ölkəmizdə ilk dəfə təşkil olunmasına baxmayaraq, yarışlara marağın kifayət qədər geniş olduğunu vurğulayan baş məşqçi deyib ki, iştirakçılar arasında tanınmış idmançılar, o cümlədən Olimpiya mükafatçıları və müxtəlif seriyalı turnirlərin qalibləri var.

Qeyd edək ki, turnirin final oyunları İctimai Televiziya vasitəsilə canlı yayımlanacaq. Turnirin bütövlükdə gedişini isə iyunun 6-dan Avropa Badminton Konfederasiyasının rəsmi “Youtube” kanalından canlı izləmək mümkün olacaq. Bundan başqa, nəticələr onlayn qaydada Dünya Badminton Federasiyasının saytında yerləşdiriləcək.

Xəbər 941 dəfə oxundu.