Azərbaycan Milli Paralimpiya Komitəsi beynəlxalq əlaqələrini genişləndirir
Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov Avropa Birliyinin ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir Kestusis Yankauskas ilə görüşüb.

İ.Rəhimov komitənin fəaliyyəti barədə səfirə geniş məlumat verib. O qeyd edib ki, 1996-cı ildə yaradılan komitənin sıralarında 16 idman növü üzrə minlərlə idmançı birləşib. Bu illərdə komitə böyük bir ictimai hərəkata çevrilib. İdmanla yanaşı, əlillərin cəmiyyətə inteqrasiyası, sosial həyatı və reabilitasiyası ilə bağlı məsələlərə də diqqət ayrılır.

İ.Rəhimov Uşaq Paralimpiya Komitəsi barədə də səfirə məlumat verib. Bildirilib ki, əlilliyi olan uşaqlar bu gün idman vasitəsilə cəmiyyətə inteqrasiya olunur. İndiyədək ölkədə dörd uşaq Paralimpiya Oyunları keçirilib. Sonuncu oyunlarda Gürcüstandan da paralimpiyaçı uşaqlar dəvət olunublar. Gələcəkdə bu prosesin beynəlxalq tədbirə çevrilməsi istiqamətində işlər görülür.

Səfir K.Yankauskas AMPK-nın fəaliyyətini maraqla qarşılayıb və görülən işlərin əhəmiyyətini vurğulayıb. O deyib ki, Avropa İttifaqı dövlət qurumları və Heydər Əliyev Fondu ilə birgə layihələr həyata keçirib. Avropa İttifaqı ölkəmizdə əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası istiqamətində də layihələr həyata keçirməkdə maraqlıdır. Tvinninq və TAEX proqramları bu cür layihələrin həyata keçirilməsi üçün vasitə ola bilər.

Görüşün sonunda birgə layihələrin həyata keçirilməsi ilə bağlı ilkin razılıq əldə edilib.

AMPK-nın ofisində keçirilən görüşdə komitənin birinci vitse-prezidenti Natiq Qasımov, vitse-prezident İlham Zəkiyev, baş katib Kamal Məmmədov və komitənin əməkdaşları iştirak ediblər.

Xəbər 784 dəfə oxundu.