Güləşçimiz Ülvi Qənizadə Avropa çempionatının dörddəbir final mərhələsinə yüksəlib
İspaniyanın Pontevedra şəhərində gənc güləşçilər arasında Avropa çempionatı davam edir.

Yarışın ikinci günündə 60, 67, 72, 82 və 97 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizə aparırlar.

Çempionatda 67 kiloqram çəkidə çıxış edən güləşçimiz Niyaz Ərzumanov ilk görüşdə Finlandiya təmsilçisinə qalib gəlib. Ancaq daha sonra Macarıstan güləşçisinə məğlub olub.

Millimizin üzvü Ülvi Qənizadə (72 kq) startda Almaniya idmançısını üstələyib. Ötən il analoji yarışın baş mükafatına yiyələnən güləşçimiz növbəti qarşılaşmada Finlandiya idmançısını vaxtından əvvəl məğlub edərək dörddəbir finala yüksəlib.

Digər idmançımız Tarış Əbilov (97 kq) isə debütdə macar rəqibinə müqavimət göstərə bilməyib.

Xəbər 745 dəfə oxundu.