Ümummilli liderin xatirəsinə dünya kuboku
Mayın 8-10-da qədər Bakıda atçılığın konkur növü üzrə CSİ - 3* kateqoriyalı beynəlxalq turnir keçiriləcək. Azərbaycan Atçılıq Federasiyasından idman.com.az saytına verilən məlumata görə, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş dünya kubokunun təsnifat mərhələsinin mükafat fondu 156 min ABŞ dollardır.

Yarışda Azərbaycan idmançıları ilə yanaşı, Gürcüstan, İran, Polşa və Türkiyə çaparı da iştirak edəcək. Dünya kubokunun təsnifat mərhələsini Türkiyə və İrandan olan hakimlər briqadası nəzarət edəcək. Turnir hər gün saat 12:00-da Binə Atçılıq mərkəzində start götürəcək.

Bütün keçirilən beynəlxalq yarışlarda olduğu kimi bu dəfə də qanuni mərc oyunları təşkil olunacaq. Yarış ərəfəsində totalizator oyunları həvəskarları üçün Azərbaycan Atçılıq Federasiyası tərəfindən lotereya da keçiriləcək. Belə ki, yarışın ilk iki günü 2 noutbuk oynanılacaq. Mayın 10-u keçiriləcək final mərhələsində isə azarkeşlər peşəkar motosiklet qazanmaq imkanı əldə edəcəklər.

Xəbər 1214 dəfə oxundu.