Yeniyetmə atletlər arasında Bakı birinciliyi davam edir
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda 2002-2003-cü il təvəllüdlü yeniyetmələr arasında atletika üzrə Bakı birinciliyi davam edir. Yarışlar Azərbaycan Atletika Federasiyasının (AAF) və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilir.

Yarışda 8 komandadan 100-dən çox atlet iştirak edir.

Çempionatın ilk günündə oğlanlar arasında üçtəkanla tullanmada Çingiz İsrafilov, lövhə atmada və nüvəitələmədə Yusif Nəzərov qalib adını qazanıblar. Qızlar arasında isə üçtəkanla tullanmada Sabrina Zralova, lövhə atmada və nüvəitələmədə Günel Hüseynova birinci yerə layiq görülüblər.

Oğlanlar arasında qaçış növləri üzrə yarışlarda Əli Abdıyev (100 m), Teymur Salahzadə (400 m) və Emil Hacıyev (1500 m) birinci olublar. Qızların mübarizəsində isə Lamiyə Vəliyeva (100 m), Nika Məmmədova (400 m) və Fərqanə Sadıqova (1500 m) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Çempionatın ikinci günündə atletlər 200, 800 və 3000 metr məsafələrə qaçış, 4x100 metr məsafəyə estafet qaçışı, uzunluğa və hündürlüyə, eləcə də nüvəitələmə, lövhə atma, nizə atma yarışlarında qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, yarışa iyunun 1-də yekun vurulacaq.

Xəbər 871 dəfə oxundu.