AMPK-nın prezidenti Yaponiyanın ölkəmizdəki səfiri ilə görüşüb
Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori ilə görüşüb.

Görüşdə İ.Rəhimov Azərbaycanda Paralimpiya hərəkatı və sürətli inkişafı, idmançılarımızın beynəlxalq yarışlardakı uğurları, bu hərəkata dövlət qayğısı, uşaq Paralimpiya hərəkatı və idmançıların reabilitasiyası, onların məişət şəraitin yaxşılaşdırılması və cəmiyyətə inteqrasiyası sahəsində görülən işlər barədə geniş məlumat verib.

Qeyd edib ki, hazırda komitənin nəzdində 16 idman növü mövcuddur. Bunlardan 14-ü yay, 2-si isə qış idman növüdür. İ.Rəhimov növbəti Yay Paralimpiya Oyunlarının Yaponiyada keçiriləcəyini xatırladaraq AMPK-nın bu mötəbər turnirə ciddi hazırlaşdığını bildirib.

AMPK prezidenti Yaponiyanın Azərbaycandakı səfirliyi və bu ölkənin Paralimpiya Komitəsi ilə birgə əməkdaşlığın qurulmasının hər iki tərəf üçün önəmli olacağını vurğulayıb.

Səfir T.Katori komitə nümayəndələri ilə görüşdən məmnun olduğunu qeyd edib. O, nitqində Yaponiya səfirliyinin dəstəyi ilə ölkəmizdə idman sahəsində bir sıra layihələrin həyata keçirildiyini bildirib. Belə ki, Gəncədə cüdo idman zalının Yaponiya səfirliyinin vəsaiti ilə təmir edildiyi və hər il orada “Səfir kuboku” yarışının keçirildiyi qeyd olunub. Səfir AMPK ilə əməkdaşlıqda maraqlı olduğunu bildirərək, birgə layihələrin həyata keçiriləcəyinə ümid etdiyini deyib.

Sonda birgə əməkdaşlıq barədə məsələlər geniş müzakirə olunub.

Xəbər 963 dəfə oxundu.