Gənclər və İdman Nazirliyində Rikardo Kuarejma ilə görüş keçirilib
Bu gün Gənclər və İdman Nazirliyində Portuqaliya milli komandasının və Türkiyənin “Beşiktaş” klubunun futbolçusu Rikardo Kuarejma ilə görüş keçirilib.

36 yaşlı yarımmüdafiəçinin Bakıya səfərinə həsr olunan tədbirdə gənclər və idman naziri Azad Rəhimov, idman şöbəsinin müdiri Fərid Mansurov, “Beşiktaş”ın Azərbaycandakı azarkeşləri və digər qonaqlar iştirak ediblər.

Qonağı salamlayan A.Rəhimov onun ölkəmizdə olmasından məmnunluğunu ifadə edib. Azərbaycanda Avropa Liqasının final qarşılaşması kimi böyük futbol matçının uğurla təşkil edildiyini xatırladan nazir, futbolçunun ölkəmizə gəlişinin də yerli azarkeşləri çox sevindirdiyini vurğulayıb. O, Kuarejmanın səfərinin Azərbaycanı gəzmək məqsədi daşıdığını bildirib.

R.Kuarejma da səfəri barədə danışıb. Futbolçu səfərindən məmnun qaldığını, eyni zamanda burada çox gözəl qarşılandığını qeyd edib. Futbolçu hələ karyerasını bitirmək istəmədiyini açıqlayıb: “Özümü yaxşı hiss edirəm. Hələ oynamaq istəyirəm. “Beşiktaş”la müqaviləm var. Azərbaycan klubuna keçidimə gəlincə, gələcəkdə nə olacağını bilmirəm. Amma “Beşiktaş”ı çox sevirəm. Gələcəyim də bura ilə bağlıdır”.
Qeyd edək ki, nazir Azad Rəhimov portuqaliyalı qonağa futboldakı əməyinə və Azərbaycanla Portuqaliya arasında dostluğa görə diplom təqdim edib.

Sonda məşhur futbolçu azarkeşlərlə xatirə şəkli çəkdirib.

Xəbər 1116 dəfə oxundu.