Zirvə Beynəlxalq Uşaq Oyunlarının atletika yarışlarına yekun vurulub
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə keçirilən VII Zirvə Beynəlxalq Uşaq Oyunlarının atletika yarışlarına yekun vurulub.

Oyunlarda 12 ölkədən 4 mindən çox atlet idmanın 27 növü üzrə mübarizə aparıb.

Atletika yarışlarında 60-dan çox uşaq gücünü sınayıb. Mükafatçılara medal, diplom və xatirə hədiyyələri təqdim olunub.

“Zirvə” Beynəlxalq İdman klublarının təşkilatçılığı ilə keçirilən bu Oyunlar artıq ənənəyə çevrilib. “Zirvə Oyunları”nın keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin zəngin irsinin yaşadılması, dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərinin gələcək nəsillərə çatdırılması, eyni zamanda, idmanın müxtəlif növlərinin təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, atletlərin ustalıq səviyyəsinin artırılması, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.

“Zirvə Oyunları”nda idmançılar ağır atletika, atçılıq, atıcılıq, basketbol, boks, cüdo, futbol və çimərlik futbolu, bədii və idman gimnastikası, güləş, karate, kartinq, kikboksinq, qılıncoynatma, kamandan oxatma, pauerliftinq, şahmat, taekvondo, tennis və stolüstü tennis, üzgüçülük, çimərlik voleybolu, voleybol, badminton, atletika növlərində mübarizə aparırlar.

Oyunlara mayın 28-də yekun vurulacaq.

Xəbər 806 dəfə oxundu.