“Mercedes”in pilotu Lyuis Hemilton Monako Qran-Prisinin qalibi olub
“Mercedes” komandasının britaniyalı pilotu Lyuis Hemilton Formula 1 seriyasında avtomobil yürüşləri üzrə keçirilən dünya çempionatının altıncı mərhələsinin – Monako Qran-Prisinin qalibi olub. Bu, Hemiltonun mövsüm ərzində dördüncü, karyerasında isə 77-ci qələbəsidir.

“Ferrari”nin almaniyalı pilotu Sebastian Fettel podiumun ikinci pilləsinə, “Mercedes”in digər pilotu Valtteri Bottas isə üçüncü pilləyə qalxıblar. Beləliklə, “Mercedes” mövsüm ərzində ilk dəfə olaraq qələbə dublunu təmin edə bilməyib.

Finiş xəttini ikinci keçən “Red Bull”un pilotu Maks Ferstappen olub. Lakin pit-stopdan sonra boksdan təhlükəli çıxdığına görə aldığı 5 saniyə cərimə hesablandıqdan sonra hollandiyalının nəticəsi dördüncü sayılıb.

Aktivində 137 xal olan Hemilton şəxsi hesabda liderliyini möhkəmlədib. İkinci yerdə Bottas (120 xal), üçüncü yerdə isə Fetteldir (82 xal). Kvyat 9 xalla 12-ci mövqedədir.

Formula 1 yürüşlərinin növbəti mərhələsi iyunun 7-dən 9-dak Kanadada keçiriləcək.

Xəbər 128 dəfə oxundu.