Avropa çempionatında böyüklərin aerodans proqramında finala yüksələn komandamızın üzvləri çıxışlarından razı qalıblar
Bakıda Milli Gimnastika Arenasında keçirilən aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatında böyüklərin aerodans proqramında finala yüksələn Azərbaycan komandası çıxışından razı qalıb.

Komandamızın üzvü İmran İmranov bildirib: “Bizim bu gün digər kateqoriyalarda - cütlük, üçlük və qrup proqramlarında da çıxışlarımız olacaq. Zalın dəstəyi möhtəşəmdir”.

Komandanın digər üzvü Elçin Məmmədov deyib ki, məşqçinin bütün tapşırıqlarını yerinə yetirməyə çalışdıq. Hamı məmnundur və nəticədən razıdır. Ümid edirəm ki, finalda da layiqli nəticə göstərə biləcəyik”.

Komandamız təsnifat mərhələsində 17,350 xalla ikinci olub və finala yüksəlib. Millimiz finalda Rusiya, İtaliya, Macarıstan, Ukrayna və Almaniya kollektivləri ilə birgə mübarizə aparacaq.

Xatırladaq ki, yarışın birinci günündə gənc gimnastlar mübarizə aparıblar. Azərbaycan gimnastları Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova aerodans proqramı üzrə finala vəsiqə qazanıb.

Avropa çempionatında ölkəmizi 17 gimnast təmsil edir.

Xəbər 746 dəfə oxundu.