Bakıda aerobika üzrə XI Avropa çempionatının açılış mərasimi keçirilib
Mayın 24-də Milli Gimnastika Arenasında aerobika üzrə XI Avropa çempionatının açılış mərasimi keçirilib.

Əvvəlcə iştirakçı ölkələrin bayraqları arenaya gətirilib.

Avropa çempionatının açılış mərasimində çıxış edən Avropa Gimnastika İttifaqının (UEG) prezidenti Fərid Qayıbov aerobika gimnastikası üzrə Avropa çempionatının ölkəmizdə ilk dəfə keçirildiyini vurğulayaraq deyib: “Təxminən bir həftə əvvəl Bakı bədii gimnastika üzrə 35-ci Avropa çempionatına uğurla ev sahibliyi etdi. Qitə çempionatında təşkilatçılıq yüksək səviyyədədir. Buna görə Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevaya, Təşkilat Komitəsinin bütün üzvlərinə, könüllülərə, gimnastika azarkeşlərinə təşəkkür edirəm”.

Sonra Fərid Qayıbov yarışları açıq elan edib.

Mərasimdə Azərbaycanın Respublikasının dövlət himni səsləndirilib.

Üç gün davam edəcək çempionatda 22 ölkədən 400-ə yaxın böyük və gənc gimnast fərdi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aerodans, aerostep (yalnız böyüklər) proqramında yarışacaq.

Azərbaycanı böyüklərin yarışında Elçin Məmmədov, Mədinə Mustafayeva, Ayxan Əhmədli, Balaxanım Əhmədova, Vladimir Dolmatov, Emil Quliyev, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova, İmran İmranov, Nigar İbrahimbəyli, Akif Kərimli, gənclərin yarışında isə Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova təmsil edirlər.

Yarışın birinci günündə gənc gimnastlar mübarizə aparıblar. Ertəsi gün isə qitə çempionluğu uğrunda mübarizəyə böyük aerobika gimnastları qatılacaqlar. Çempionatın sonuncu günündə isə finallar keçiriləcək və Avropa çempionları müəyyənləşəcək.

Xəbər 1809 dəfə oxundu.