“Şüvəlan” komandası IV “Heydər Əliyev kuboku” turnirinin qalibi olub
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş futbol üzrə IV “Heydər Əliyev kuboku” turniri başa çatıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Peşəkar Futbol Liqası, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının birgə təşkil etdiyi turnir beş gün davam edib.

Turnirin üçüncü turunun ilk oyununda “Araz-Naxçıvan” “Arpaçay” komandasını sınağa çəkib və 3:0 hesablı qələbə qazanıb.

Son oyundan öncə Naxçıvan Muxtar Respublika Stadionunda konsert proqramı təşkil edilib. Naxçıvan Dövlət Filarmoniyasının musiqi və rəqs qrupunun ifası azarkeşlər tərəfindən alqışlarla qarşılanıb. Daha sonra meydanda idmançıların və könüllü gənclərin fləşmobu böyük marağa səbəb olub.

Tədbirin bədii hissəsində müğənni Əli Pormehrinin ifası azarkeşlərə xoş anlar yaşadıb.

Sonra turnirin son oyununa start verilib. Bu görüşdə “Şüvəlan” və MOİK komandaları üz-üzə gəlib. Görüş birincilərin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra “Şüvəlan” komandası IV “Heydər Əliyev kuboku” turnirinin qalibi olub. 3 xal toplayan MOİK və “Araz-Naxçıvan” ikinci və üçüncü yerləri bölüşüblər.

Qalib komandalarla görüş keçirilib. Görüşdə çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov qeyd edib ki, Ümummilli Liderin xatirəsinə həsr olunan “Heydər Əliyev kuboku” turniri artıq 4-cü dəfədir təşkil olunur. Burada Azərbaycanın bir sıra klubları ilə yanaşı, muxtar respublikanın komandaları da mübarizə aparır. Nazir komandanı turnirdə qazandığı uğura görə təbrik edib.

Daha sonra mükafatlandırma mərasimi başlayıb. Əvvəlcə turnirin təşkilində göstərdiyi xidmətlərə görə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevə xatirə hədiyyəsi təqdim olunub, oyunları idarə edən hakimlər briqadası, həmçinin hakim-inspektor və AFFA nümayəndələri mükafatlandırılıblar. Ardınca turnirin ən yaxşı futbolçu nominasiyasının qalibinin adı açıqlanıb. Bu, “Araz-Naxçıvan” komandasının futbolçusu Turqay İbrahimov olub. Sonra turnirin bürünc mükafatçısı olan “Araz-Naxçıvan”, gümüş mükafatçısı MOİK komandaları təltif ediliblər. “Heydər Əliyev kuboku” turnirinin ən məhsuldar futbolçusu nominasiyasında isə “Şüvəlan” komandasının hücumçusu Tural Qürbətov 7 qolla qalib olub. Bu komandanın dəri əlcək sahibi Həsən Hüseynov isə ən yaxşı qapıçı adını qazanıb.

Sonda “Şüvəlan” komandası “Heydər Əliyev kuboku” ilə təltif edilib.

Xəbər 816 dəfə oxundu.