Yelkənli İdman Federasiyasının komandası Avropa çempionatına hazırlığını davam etdirir
Azərbaycan Yelkənli İdman Federasiyasının “Optimist” sinfi üzrə yelkənçilərdən ibarət komandası Fransada keçiriləcək Avropa çempionatına hazırlığı davam etdirir.

Yelkənçilər mayın sonunadək İzmirdə təlim-məşq toplanışında olacaqlar. Hazırlıq məşqlərində Yunanıstan, Malta, Bolqarıstan və Türkiyədən olan yelkənçilər də iştirak edəcəklər. Məşqlərə beynəlxalq və dünya yelkəni üzrə məşqçi Vagelis Atzemian rəhbərlik edəcək. Təlim–məşq düşərgəsində Azərbaycanı “Optimist” sinfi üzrə yelkənçilər Kristina Kərimova, Fidan Ağazadə, Səxavət Əzimov, Murad Hacızadə, Timur Skaçevski, “Optimist” sinfi üzrə baş məşqçi Seyhun Yıldız təmsil edəcəklər.

Beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edən yelkənçilərimiz dəfələrlə xaricdə təşkil olunan təlim–məşq düşərgələrinə qatılıblar. Təlim–məşq düşərgələrində iştirakın əsas məqsədi idmançılarımızın beynəlxalq yarışlara hazırlıqlarının təkmilləşdirilməsi, onların taktiki biliklərinin və müxtəlif hava şəraitində təcrübələrinin artırılmasıdır. Hazırda Azərbaycan Yelkənli İdman Federasiyasında “Optimist” və “Laser” sinifləri üzrə iki komanda formalaşıb. Bu siniflər üzrə xaricdən dəvət edilən iki baş məşqçi fəaliyyət göstərir. Komandaların məşqləri məhz xaricdən dəvət edilən idman menecerlərinin, yüksək göstəricilərə malik mütəxəssislərin köməyi ilə keçirilir.

Aktiv bazası 2014–cü ildən fəaliyyətə başlayan Azərbaycan Yelkənli İdman Federasiyasının əsas məqsədi maddi-texniki bazanı gücləndirmək, məşqçi korpusunu formalaşdırmaq, Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində “Optimist” sinfi üzrə 7-14 yaş uşaqları, “Laser” sinfi üzrə isə 14 yaşdan yuxarı yeniyetmələri idmanın bu növünə cəlb etməkdir.

AZƏRTAC

Xəbər 781 dəfə oxundu.