Niyaməddin Paşayev : “Bu yarışdakı təcrübə onların gələcəkdə böyük uğurlar qazanması üçün böyük dəstək olacaq"
Bu gün Gənclər və İdman Nazirliyində Böyük Britaniyanın Mançestr şəhərində təşkil edilmiş taekvondo üzrə dünya çempionatından 1 qızıl və 1 bürünc medalla qayıtmış milli komandamızla görüş keçirilib.

Tədbirdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, qurumun idman şöbəsinin müdiri Fərid Mansurov, mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova, Azərbaycan Taekvondo Federasiyanın (ATF) vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayev, qadınlardan ibarət millinin baş məşqçisi Elnur Amanov, yığma komandanın üzvləri və media nümayəndələri iştirak ediblər.

Nazir müavini İ.İsmayılov idmançılarımızın dünya çempionatında qazandığı nəticələri yüksək qiymətləndirilib. O, Milad Beigi Hərçəqaninin ikinci dəfə dünya çempionu olmasının Azərbaycan taekvondosunun inkişafından xəbər verdiyini bildirib. Kişilərdən ibarət komandamızın yarışda beşinci yerə çıxmasının sevindirici hal olduğunu qeyd edən İ.İsmayılov idmançılarımıza daha da böyük uğurlar arzulayıb.
F.Mansurov dünya çempionatında böyük rəqabətə baxmayaraq, idmançılarımızın 1 qızıl və 1 bürünc medal qazanmasının böyük uğur olduğunu vurğulayıb.
ATF-nin vitse-prezidenti Nağı Səfərov millimizin dünya çempionatına ciddi hazırlaşdığını və bu hazırlığın öz nəticəsini göstərdiyini bildirib. O, qadınlardan ibarət millimiz yarışa tam heyətlə getmədiyini, 3 idmançımız şanssızlıqdan medal qazana bilmədiyini diqqətə çatdırıb:”Milad bu yarışda ikinci dəfə dünya çempionu oldu. Fəridə isə bürünc medal qazandı. Bu göstəricilər də uğurlu nəticələrdir. Artıq qarşıdan gələn Qran-pri yarışına gələn həftədən hazırlığa başlamışıq".

ATF-nin digər vitse-prezidenti N.Paşayev isə dünya çempionatına yanvardan hazırlığa başladıqlarını bildirib: "Heyətdə gənc idmançılar da yer almışdı.Gənclərimiz yarımfinala qədər irəlilədilər və məğlub oldular. Bu da onların təcrübəsizliyindən irəli gəlir. Bu yarışdakı təcrübə onların gələcəkdə böyük uğurlar qazanması üçün böyük dəstək olacaq".


Xəbər 1126 dəfə oxundu.