Bakıda cüdo üzrə beynəlxalq Qran-pri turnirinin təntənəli açılışı olub

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş cüdo üzrə beynəlxalq Qran-pri turnirinin təntənəli açılışı olub



Mayın 5-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş cüdo üzrə beynəlxalq Qran-pri turnirinin təntənəli açılışı olub.
Mərasimdə gənclər və idman naziri Azad Rəhimov dünya miqyaslı turnirlərin Azərbaycanda keçirilməsinin xoş bir ənənə halını almasını vurğulayıb. Deyib ki, ölkəmiz dünya və Avropa çempionatları, həmçinin beynəlxalq turnirlərə yüksək səviyyədə ev sahibliyi edir. Azərbaycan idmançıları hər dəfə məsul yarışlarda - dünya və Avropa çempionatlarında, Olimpiya oyunlarında yüksək nailiyyətlər qazanaraq Vətənin şərəfini layiqincə qoruyur, beynəlxalq aləmdə onun nüfuzunu daha da artırıblar. London Yay Olimpiya Oyunlarına 50 lisenziyanın qazanıldığını diqqətə çatdıran nazir bunun yeddisinin cüdoçularımızın payına düşdüyünü deyib.
Azərbaycan Cüdo Federasiyasının prezidenti Füzuli Ələkbərov son illər respublikamızda bir çox mötəbər idman yarışlarının təşkil edilməsindən danışmış, ölkə rəhbərliyinin idmana diqqət və qayğısını qeyd edib. F.Ələkbərov Qran-pri beynəlxalq turnirinin xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr edilməsini onun ölkəmizdə idmanın, xüsusilə cüdonun inkişafındakı müstəsna xidmətlərinin heç vaxt yaddan çıxmadığını göstərən tədbirlərdən biri olduğunu bildirib.
Beynəlxalq Cüdo Federasiyasının (BCF) idman direktoru Vladimir Barta turnirin yüksək səviyyədə təşkil olunduğunu bildirib, yarışın iştirakçılarına uğurlar arzulayıb, layiq olanların yüksək pilləyə qalxacağına əminliyini bildirib. BCF-nin prezidenti Marius Vizerin salamlarını çatdıran qonaq A.Rəhimov və F.Ələkbərova xatirə hədiyyələri təqdim edib. V.Barta üzərində Azərbaycan Prezidenti İlham Əliyevin adı yazılmış kimononu A.Rəhimova təqdim edib və turnir açıq elan olunub.
Natiqlərin çıxışlarından sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, tədbir bədii hissə ilə davam etdirilib.

AzərTAc

Xəbər 1332 dəfə oxundu.