Sədərəkdə Şahmat Məktəbinin yeni binası istifadəyə verilib
Sədərək Rayon Uşaq-Gənclər Şahmat Məktəbinin yeni binası istifadəyə verilmişdir.
Yeni binanın açılış mərasimində çıxış edən məktəbin müəllimi Vüsalə Əliyeva bu gün muxtar respublikada təhsil və idmanın inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd etmiş, Sədərək rayonunda uşaq və gənclərin sağlamlığı, onların intellektual səviyyəsinin yüksəldilməsinə göstərilən qayğıya görə minnətdarlığını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Sədərək Rayon Uşaq-Gənclər Şahmat Məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə məktəbin kollektivini təbrik edərək demişdir: Ölkəmizdə şahmat məktəblərinin yaradılması və şahmatın inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin ölkəmizə rəhbərliyinin birinci dövründə – ötən əsrin 70-ci illərində Azərbaycanın hər bir bölgəsində olduğu kimi, muxtar respublikamızda da şahmat məktəbləri yaradılaraq istifadəyə verildi, idmanın bu növünə olan maraq xeyli artdı. Təəssüf ki, ötən əsrin 90-cı illərində baş verən hadisələr və böhran şahmat məktəblərinin fəaliyyətinə də öz təsirini göstərdi. Həmin vaxt şahmat məktəblərinin binalarının ayrı-ayrı məqsədlər üçün istifadə olunması nəticəsində bu təhsil müəssisələrinin fəaliyyəti dayandı.
Ali Məclisin sədri demişdir ki, ulu öndərimizin xalqın təkidli tələbi ilə ölkəmizdə ikinci dəfə hakimiyyətə qayıdışından sonra şahmatın inkişafına xüsusi diqqət yetirilmişdir. Ümummilli liderimizin yolunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev 2009-cu il mayın 5-də “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramının təsdiq edilməsi barədə” Sərəncam imzalamışdır.
Ali Məclisin sədri demişdir: Qəbul olunmuş dövlət proqramları çərçivəsində muxtar respublikada da şahmatın inkişafı ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir. Bu gün muxtar respublikada bir Şahmat Mərkəzi, 7 uşaq-gənclər şahmat məktəbi fəaliyyət göstərir. Bu məktəblərdə 293 qrupda 3 min 200-dən artıq şagirdin təlim-tərbiyəsi ilə 162 məşqçi-müəllim məşğul olur. Şahmatın inkişafı sahəsində muxtar respublikada həyata keçirilən tədbirlər artıq öz bəhrəsini verməkdədir. Müasir idman infrastrukturunun, istedadlı idmançıların mövcudluğu muxtar respublikada beynəlxalq yarış və turnirlərin keçirilməsinə şərait yaratmış, 2003-cü ildə Naxçıvan 20 yaşa qədər gənclər arasında şahmat üzrə dünya çempionatına ev sahibliyi etmiş, 2002-2003-cü illərdə şahmat üzrə beynəlxalq turnirlər, ötən il isə “Naxçıvan Open-2011” Beynəlxalq şahmat festivalı keçirilmişdir. Bir neçə gün bundan əvvəl – aprelin 28-də isə ulu öndərimizin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş “Naxçıvan Open-2012” Beynəlxalq şahmat festivalının açılışı olmuşdur. Bu festivalda 8 ölkədən 200-ə yaxın şahmatçı iştirak edir ki, onların da 45 nəfəri muxtar respublikanın təmsilçisidir. Şahmatçıların bir nəfəri isə Sədərək Rayon Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsidir.
Ali Məclisin sədri istifadəyə verilən şahmat məktəbinin Sədərək rayonunda şahmatın inkişafına təkan verəcəyini bildirərək demişdir: 1992-ci ildən fəaliyyət göstərən Sədərək Rayon Uşaq-Gənclər Şahmat Məktəbi əvvəllər uyğunlaşdırılmış binalarda yerləşdirilmiş, özünün ayrıca binası olmamışdır. Yeni bina isə müasir şəraitə və zəngin maddi-texniki bazaya malikdir. Burada yeni sinif otaqları, müasir kompyuterlər, elektron lövhəli sinif müəllim və şagirdlərin istifadəsinə verilir. Şahmat məktəbində 30 qrupda 354 şagirdin təlim-tərbiyəsi ilə 25 məşqçi-müəllim məşğul olur. Məktəbdəki 8 kompyuterin hər biri internetə qoşulmuşdur. Bu da keçirilən ölkə və beynəlxalq miqyaslı yarışları elektron lövhə vasitəsilə canlı izləməyə imkan verəcəkdir.
Ali Məclisin sədri əmin olduğunu bildirmişdir ki, məktəbin kollektivi yaradılan şəraitdən səmərəli istifadə edəcək, məktəbdə yüksək intellektə malik şahmatçılar yetişəcək və onlar ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edəcəklər.
Açılışı bildirən rəmzi lent kəsildikdən sonra binaya baxış olmuşdur.
Müasir memarlıq üslubunda inşa olunan bina zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarətdir. Binada 7 sinif otağı, kompyuter, müəllimlər, direktor, hakim otaqları və oyun zalı vardır.
Direktor və hakim otaqları, geniş və işıqlı oyun zalı binanın ikinci mərtəbəsindədir. Sinif otaqlarında, oyun zalında hər cür şərait yaradılmış, mebel dəstləri və tədris ləvazimatları qoyulmuş, maqnitli lövhələr quraşdırılmışdır.
Məktəbin müəllimləri yaradılan şəraitə görə minnətdarlıq edərək bildirmişlər ki, yeni binanın inşası yeniyetmə və gənclərin şahmata marağını daha da artıracaq, rayonda şahmatın ciddi intellektual yarış vasitəsi kimi kütləvi xarakter almasına səbəb olacaqdır.
Şahmat məktəbinin həyətində geniş abadlıq işləri aparılmış, ağac və gül kolları əkilmişdir.

AzərTAc

Xəbər 1390 dəfə oxundu.