Xaçmazda səmti müəyyənetmə yarışlarının qalibləri mükafatlandırılıb
Xaçmazda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan səmti müəyyənetmə üzrə beynəlxalq kubok yarışlarının qalibləri mükafatlandırılıb.

İki gün davam edən turnir Quba rayonunun Amsar və Xaçmazın Nabran meşə zolaqlarında keçirilib. Azərbaycan Səmti Müəyyənetmə İdman Federasiyasının Gənclər və İdman Nazirliyi ilə birlikdə təşkil etdiyi yarışda yerli idmançılarla yanaşı, Türkiyə, Ukrayna, Rusiya, Bolqarıstan, Çexiya, Litva, Avstraliya, Nigeriya, İsveç və s. olmaqla ümumilikdə 11 ölkədən 40-dan çox əcnəbi atlet mübarizə aparıb.

Nazirlik, idarə, təşkilat, güc strukturları, klub və federasiyalar, şirkətlər, idman cəmiyyətləri və ali təhsil müəssisələrini təmsil edən komandalar, habelə yarışa fərdi şəkildə qatılan idmançılar 8 kateqoriya üzrə sprint, orta və uzun məsafədə yarışıblar. Kubok yarışları tanınmış xarici mütəxəssislər tərəfindən müəyyənləşdirilən beynəlxalq standartlara uyğun idman xəritələri əsasında təşkil edilib.

Ümumilikdə 220 idmançının qatıldığı yarışda komanda hesabında birinci yeri Çexiyanın “SK Rumpal” kollektivi tutub. Türkiyə milli komandası ikinci, Azərbaycanın “Dağçılıq” idman klubu isə üçüncü olublar.

Elektron qeydiyyat sisteminin tətbiqi ilə təşkil olunan yarışda qalib komanda kubok təqdim edilib. İlk üç yeri tutan idmançılar isə medal və diplomlarla mükafatlandırılıblar.

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş səmti müəyyənetmə idman növü üzrə beynəlxalq kubok yarışları 2013-cü ildən etibarən ənənəvi qaydada təşkil edilir.

Xəbər 817 dəfə oxundu.