“Judo Club 2012”nin cüdoçusu Murad Fətiyev Avropa kubokunun qalibi olub | |
Mayın 18-19-da Rusiyanın Orenburq şəhərində cüdo üzrə Avropa kuboku yarışları keçirilib. 24 ölkədən 306 (193 oğlan, 113 qız) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan 13 idmançı ilə mübarizə aparıb. Yarışda ölkəmizi təmsil edən idmançılar arasında “Judo Club 2012”nin yetirməsi Murad Fətiyev (81 kq) də yer alıb. Komandamız turniri 1 qızıl medalla başa vurub. Ölkəmizə yeganə medalı “Judo Club 2012”nin cüdoçusu Murad Fətiyev qazandırıb. Mübarizəyə 1/16 finaldan başlayan cüdoçumuz ilk görüşdə rusiyalı Karekin Şaklamzianı, növbəti mərhələdə isə avstriyalı Saif-İslam İslamhanovu məğlub edib. 1/4 finalda digər rusiyalı Pavel Berlini mübarizədən kənarlaşdıran cüdoçumuz yarımfinalda portuqaliyalı Migel Alvesi üstələyərək finala yüksəlib. Gərgin mübarizə şəraitində keçən final görüşündə Rusiya cüdoçusu Turpal Tepkaev üzərində qələbə qazanan Murad Fətiyev Avropa kubokunun qızıl medalına layiq görülüb. Komandamız əldə etdiyi bir qızıl medalla turnirdə ümumi hesabda beşinci pillədə yer alıb. |
|
Xəbər 1085 dəfə oxundu. |
|
|