Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatının ilk qalibləri müəyyənləşib
Mayın 18-də Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatının üçüncü günü maraqlı idman mübarizəsi şəraitində keçib.

Çempionatın üçüncü günündə böyük gimnastlar fərdi proqramda gürzlər və lentlə yarışıblar. Turnirdə ölkəmizi Zöhrə Ağamirova və Veronika Qudis təmsil ediblər.

Z.Ağamirova gürzlərlə yarışda 20,800 xalla altıncı yeri tutaraq finala adlayıb. Onunla yanaşı, finalda rusiyalı əkiz bacılar Dina və Arina Averina, Katrin Taseva (Bolqarıstan), belaruslu Anastasia Salos, Ukrayna təmsilçisi Vlada Nikolçenko, sloveniyalı Yekaterina Vedeneva və israilli Nikol Zelikman mübarizə aparacaqlar.

Lakin gimnastımız lentlə yarışlarda 24-cü olub.

Veronika isə Qudis gürzlərlə yarışda 20-ci, lentlə hərəkətlərdə isə 30-cu yerdə qərarlaşıb.

Lentlə yarışların finalına Rusiya təmsilçiləri Aleksandra Soldatova, Dina Averina, bolqarıstanlı Katrin Taseva, Boryana Kalein, Belarus gimnastları Anastasia Salos, Katarina Xalkina, italiyalı Milena Baldassarri və israilli Nikol Zelikman yüksəliblər.

Z.Ağamirova çempionatın ikinci günündə halqa ilə yarışlarda finala vəsiqəni təmin edib.

Sonra gənclərdən ibarət qrup hərəkətləri komandaları çoxnövçülük yarışlarında beş lentlə çıxış ediblər. Azərbaycan millisinin çıxışı azarkeşlər tərəfindən böyük coşğu ilə qarşılanıb. Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadədən ibarət komandamızın çıxışı 17,300 xalla qiymətləndirilib. Gimnastlarımız bu göstərici ilə doqquzuncu pillədə yer alıblar. Komandamız ehtiyat finalçılar siyahısına düşüb. Rusiya, İsrail, Belarus, Ukrayna, İtaliya, İsveçrə, Litva və İspaniya yığmaları final mərhələsinə vəsiqə qazanıblar.

Xatırladaq ki, çempionatın birinci günündə komandamız beş halqa ilə yarışlarda finala vəsiqəni təmin edib.

Yarışlar başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Komanda yarışlarında Rusiya birinci, Belarus ikinci, Bolqarıstan isə üçüncü olub. Gənclərin qrup hərəkətləri proqramında çoxnövçülükdə isə Rusiya millisi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Belarus ikinci, İtaliya isə üçüncü yerdə qərarlaşıb.

Mayın 19-da yekun vurulacaq çempionatın fərdi proqramında böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənclərdən ibarət komandalar çıxış edirlər. Çempionata 35 ölkədən gimnastlar qatılıblar.

Bakı 2007-ci, 2009-cu və 2014-cü illərdə də bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi edib.

Xəbər 752 dəfə oxundu.