İdmanla bağlı QHT yaradıldı
Azərbaycanda idmanla bağlı qeyri-hökumət təşkilatı (QHT) təsis olunub. İdman.com.az saytının məlumatına görə, İdman Araşdırmalar Mərkəzi İctimai Birliyinə Elşən Məmmədov sədr seçilib.

Birliyin əsas məqsədi ölkədə olimpiya hərəkatı, bədən tərbiyəsi və idman sahəsindəki prosesləri izləmək, öyrənmək, təhlil etmək, bu sahədə maarifləndirmə işi aparmaq və onların tənzimlənməsinə dair təkliflər vermək, təşəbbüslər irəli sürmək, o cümlədən davamlı beynəlxalq əlaqələrinin olmasını təmin etmək, ədalətli idman prinsiplərinin, sağlam həyat tərzinin, bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsinə, idman sahəsində çalışanların, idman xadimlərinin, o cümlədən idman yazarlarının hüquqlarının müdafiəsinə, onların stimullaşdırılmasına, qanunun aliliyi prinsipinə əməl olunmasına və əhalinin bu sahədə biliklərinin artırılmasına, sağlam dəyərlərə malik cəmiyyət quruculuğu prosesinə yardımçı olmaqdır.

Birlik idmanın müxtəlif sahələri və növləri ilə bağlı araşdırmalar aparacaq, müxtəlif məsələlər üzrə rəy və təkliflər verəcək, təşəbbüslər irəli sürəcək, kurslar və seminarlar, dəyirmi masa və görüşlər, təşkil edəcək, konfranslar, forumlar, müsabiqələr, idman yarışları və sair tədbirlər keçirəcək, rəylər, açıqlamalar, press-relizlər yayacaq, idman sahəsində fərqlənənləri təbliğ edəcək və mükafatlandıracaq.

Xəbər 2503 dəfə oxundu.