5 akademik avarçəkənimizdən 4-ü yarımfinalda
Serbiyanın paytaxtı Belqradda keçirilən Dünya Kubokunun I mərhələsində təsəlli yürüşləri keçirilib. İdman.com.az saytının məlumatına görə, qadınların yarışında 1-nəfərlik qayıqla çıxış edən Aleksandr Aleksandrov və 2-nəfərlik təkavarlı qayıqla mübarizə aparan Viktoriya Nençeva – İskra Angelova dueti və da yarımfinala yüksəlib.

Aleksandr Aleksandrov təsəlli yürüşündə digər avarçəkənimiz Boris Yotovla yanaşı, Mindauqas Qrişkonis (Litva), Kamillo Franek (Avstriya) və Yan Spikə (Sloveniya) rəqib olub. Aleksandrov 6 dəqiqə 54,01 saniyə nəticə ilə 1-ci, Yotov 7 dəqiqə 6,54 saniyə göstərici ilə 4-cü olub. 2012-ci il London Yay Olimpiya Oyunlarında iştirak edəcək avarçəkənimiz Qrişkonislə birgə yarımfinala yüksəlib. Mayın 5-də Bakı vaxtı ilə saat 18:20-də baş tutacaq növbəti mərhələ yürüşündə onun rəqibləri Karsten Brodovski (Almaniya), Kennet Jurkovski (ABŞ), Olaf Tufte (Norveç), Angel Furnier Rodriges (Kuba) və Lianq Zanq (Çin) olacaq. İlk 3 yerin sahibləri medallar uğrunda mübarizəyə imkan verən əsas finala (Final A) yüksələcək. Yotov isə mayın 5-də Bakı vaxtı ilə saat 13:12-də Matej Rojek (Sloveniya), Yan Spik (Sloveniya), Samuel Annen (İsveçrə), Urban Ulkar (Sloveniya) və Lukas Babak (Slovakiya) ilə birgə 19 – 24-cü yerlər uğrunda (Final D) mübarizə aparacaq.

Nençeva – Angelova cütlüyü isə təsəlli yürüşündə Kerstin Hartmann – Marlen Sinniq (Almaniya) və Maria Laura Abalo – Qabriela Best (Argentina) duetindən geri qalsa da, Tatyana Stekolşikova – Viktoriya Vıxrist (Ukrayna) və Vianka van Dorp – Olivia van Royyen (Hollandiya) cütlüyünü üstələməyi bacarıb. 2000 metr məsafəni 7 dəqiqə 15,71 saniyəyə qət edən duetimiz ilk 2 pilləni tutan cütlüklə birgə növbəti mərhələyə adlamağı bacarıb. Mayın 5-də Bakı vaxtı ilə saat 16:07-də başlanacaq yarımfinal yürüşündə onların rəqibləri Kerstin Hartmann – Marlen Sinniq (Almaniya), Klaudia Belderbos – Çantal Axterberq (Hollandiya), Elen Qlover – Hiter Stanninq (Böyük Britaniya), Karlin Bouv – Annemyek de Haan (Hollandiya), Georgeta Andrunake – Vioritsa Susanu (Rumıniya) olacaq. İlk 3 yeri tutan cütlüklər əsas finala (Final A) yüksələcəklər.

Qeyd edək ki, London olimpiadasına lisenziya qazanmış qadın avarçəkənimiz Nataliya Mustafayeva daha öncə seçmə mərhələdəki uğurlu çıxışı sayəsində birbaşa yarımfinala yüksəlib. 1 nəfərlik qayıqla (W1X) çıxış edən Mustafayevanın növbəti mərhələdə rəqibləri Raçel Gembl-Flint (Böyük Britaniya), Donata Vistartayte (Litva), İva Obradoviç (Serbiya), Frida Svensson (İsveç), Tale Qyörts (Norveç) olacaq. Yürüş mayın 5-də Bakı vaxtı ilə saat 18:39-da başlanacaq.
Qeyd edək ki, Dünya Kubokunun I mərhələsinə mayın 6-da yekun vurulacaq.

Xəbər 1078 dəfə oxundu.