Avropa Gənclər Olimpiya Festivalının Əməliyyat Komitəsi ilə Azərbaycan Televiziyası arasında saziş imzalanib
Mayın 14-də “Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (AzTV) arasında yayım və tərəfdaşlığa dair saziş imzalanıb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, sənədi AzTV sədrinin səlahiyyətlərini icra edən Rövşən Məmmədov və “Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov imzalayıblar.

Sazişə əsasən, Festivalın audio və video çəkiliş materiallarını yayımlamaq və istifadə etmək hüququ AzTV-yə məxsusdur. “Bakı 2019” yarışları yeddi gün ərzində AzTV-də nümayiş olunacaq. Bundan başqa, festivalın açılış və bağlanış mərasimləri, bütün yarışların final mərhələsi və təltifetmə mərasimləri AzTV-nin ekranlarından bilavasitə nümayiş etdiriləcək. Bundan əlavə, audio və video görüntülər “açıq yayım” vasitəsilə həyata keçiriləcək və beləliklə, tamaşaçılar dünyanın istənilən bölgəsində tezlikləri tənzimləməklə festivalı izləmək imkanı əldə edə biləcəklər.

AzTV-nin Azərbaycan xalqı üçün milli televiziya və radio kanalı olduğunu qeyd edən Elçin Səfərov bildirib ki, xalqımızın bu tədbirin keçirilməsini və idmançılarımızı dəstəkləməsi çox sevindiricidir. Əməkdaşlıq sayəsində artıq dünyanın istənilən nöqtəsindən festivalı izləmək mümkün olacaq. Ölkəmizə gələcək idmançıların sayı sübut edir ki, Avropa ölkələri Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin səviyyəsindən razıdır və Bakı onlar üçün əsl idman mərkəzidir.

AzTV sədrinin səlahiyyətlərini icra edən Rövşən Məmmədov bildirib ki, Azərbaycan Televiziyası ölkəmiz üçün XV Avropa Gənclər Yay Olimpiya Festivalı kimi mühüm tarixi hadisəni yayımlayacağı üçün çox məmnundur. Belə mötəbər idman hadisəsinin yüksək səviyyədə yayımlanması üçün AzTV bütün resurslarından istifadə edəcək.

Xatırladaq ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə gələcək. Atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

Xəbər 892 dəfə oxundu.