Paracüdo üzrə beynəlxalq Qran-Pri turnirinin ikinci günündə doqquz idmançımız mübarizəyə qoşulub
Mayın 14-də Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan paracüdo üzrə beynəlxalq Qran-Pri yarışlarının ikinci gününə start verilib.

Heydər Əliyev adına İdman Sarayında keçirilən yarışda 35 ölkədən 214 cüdoçu birincilik uğrunda mübarizə aparır. Turnirdə ölkəmizi 21 cüdoçu təmsil edir. Kişilərin yarışında 11, qadınların mübarizəsində isə 10 idmançımız tatami üzərinə çıxacaq.

Yarışın ikinci günündə kişilər 90, 100 kiloqram və 100 kiloqramdan yuxarı, qadınlar isə 63, 70 kiloqram və 70 kiloqramdan yuxarı çəki dərəcələrində mübarizə aparacaqlar.

Qran-Prinin birinci günündə 9 paralimpiyaçımız tatami üzərinə çıxacaq. Onların ilk rəqibləri də müəyyənləşib. Belə ki, kişilərin yarışında Rövşən Səfərov Oleq Kretul (Moldova)-Mark Milano (Almaniya) cütünün qalibi, Ramin Əliyev (hər ikisi 90 kq) rusiyalı Vladimir Fedin, Kənan Abdulxanlı Özbəkistan təmsilçisi Şarif Xalilov, Kamil Ağayev (hər ikisi 100 kq) fransalı Yann Qoarnisson, ikiqat Paralimpiya çempionumuz İlham Zəkiyev (100 kq-dan yuxarı) Kento Masaki (Yaponiya) - Heydər Heydərov (Rusiya) cütünün qalibi ilə qarşılaşacaqlar.

Qadınların mübarizəsində isə Xanım Hüseynova (63 kq) özbəkistanlı Nafisa Şeripboeva, Zülfiyyə Hüseynova (70 kq) Rusiya idmançısı Olqa Zabrodskaya, Xatirə İsmiyeva türkiyəli Mesme Tasbağ, Dürsədəf Kərimova (hər ikisi 100 kq-dan yuxarı) isə Fransa paracüdoçusu Pressillia Leze ilə üz-üzə gələcəklər.

Turnirin birinci günündə Azərbaycan millisi 3 qızıl, 3 gümüş və 3 bürünc medala sahib olub.

Qran-Pri “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandırır.

AZƏRTAC paracüdo üzrə Qran-Prinin rəsmi media tərəfdaşıdır.

Xəbər 816 dəfə oxundu.