Azərbaycan paracüdoçuları beynəlxalq Qran-Pri turnirinin birinci günündə doqquz medal qazanıblar
Mayın 13-də Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan paracüdo üzrə beynəlxalq Qran-Pri turnirinə start verilib.

Heydər Əliyev adına İdman Sarayında keçirilən turnirdə 35 ölkədən 214 cüdoçu birincilik uğrunda mübarizə aparır. Turnirdə ölkəmizi 21 cüdoçu təmsil edir. Qran-Pri “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandırır.

Turnirin birinci günündə kişilər 60, 66, 73, 81, qadınlar isə 48, 52 və 57 kiloqram çəki dərəcələrində mübarizə aparıblar. Qran-Prinin birinci günündə 12 paralimpiyaçımız tatami üzərinə çıxıb. Onlardan doqquzu medal qazanıb.

Kişilərin mübarizəsində 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Vüqar Şirinli onaltıdabir finalda meksikalı Brayan Gerardo Aburto Beltranı məğlub edib. Səkkizdəbir finalda rusiyalı Zaur Cəbrayılova qalib gələn paracüdoçumuz növbəti mərhələdə özbəkistanlı Şerzod Namozovu məğlub edərək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda türkiyəli Rəcəb Çiftci ilə qarşılaşan V.Şirinli rəqibini məğlub edərək finala yüksəlib. Qızıl medal uğrunda görüşdə rumıniyalı Florin Aleksandru Boloqu üstələyən cüdoçumuz beynəlxalq turnirin qalibi olub və komandamızın aktivinə ilk medalı yazdırıb. Bürünc medallara qazaxıstanlı Oljas Orazaliuli və türkiyəli Rəcəb Çiftci sahib olublar.

Turnirdə 66 kiloqram çəki dərəcəsində çıxış edən Bayram Mustafayev səkkizdəbir finalda türkiyəli Kadir Yıldırımdan üstün olub. O, növbəti mərhələdə Monqolustan təmsilçisi Munxbat Aacimi məğlub edərək yarımfinala yüksəlib. Yarımfinalda B.Mustafayev gürcüstanlı Giorgi Qamcaşviliyə qalib gələrək adını finala yazdırıb. Finalda onun rəqibi daha bir Gürcüstan təmsilçisi Giorgi Kaldani olub. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə uduzan B.Mustafayev gümüş medalla kifayətlənib. Millimizin üzvü Namiq Abbaslı isə bürünc medal uğrunda görüşdə G.Qamcaşvilidən üstün olub. Digər bürünc medalı isə monqolustanlı Munxbat Aacimə qismət olub.

Yarışda 73 kiloqram çəki dərəcəsində finala vəsiqə qazanan özbəkistanlı dünya çempionu Feruz Sayidov ukraynalı idmançı Rüfət Mahomedovla münasibətlərinə aydınlıq gətirib. Əzmkarlıq nümayiş etdirən F.Sayidov tatamidən qalib ayrılıb. Bu çəki dərəcəsində bürünc medal uğrunda görüşdə Paralimpiya çempionumuz Ramil Qasımov Almaniya təmsilçisi Nikolay Kornhassdan üstün olub. Ukrayna idmançısı Sergey Kotenko yarışı üçüncü pillədə başa vurub.

İlk mərhələdən azad olan paracüdoçumuz Hüseyn Rəhimli (81 kq) səkkizdəbir final mərhələsində Cənubi Afrika Respublikası təmsilçisi Jak Juberti məğlub edib. İdmançımız növbəti mərhələdə fransalı cüdoçu, Paralimpiya Oyunlarının mükafatçısı Nathan Petitə qəlib gəlib. Yarımfinalda ukraynalı Dimitri Soloveyi üstələyən H.Rəhimli finalda Özbəkistan təmsilçisi Davurxon Karomatova məğlub olaraq gümüş medala layiq görülüb.

Qadınların mübarizəsində millimizin üzvü Şahanə Hacıyeva (48 kq) dörddəbir finalda özbəkistanlı Lobar Xürrəmovaya qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə ukraynalı Yuliya Halinskanı məğlub edən idmançımız qızıl medal uğrunda görüşdə çinli Liqinq Liyə ipponla qalib gələrək Qran-Prinin çempionu adını qazanıb. Özbəkistanlı Lobar Xürrəmova və Fransa təmsilçisi Sandrine Aurieres Martinet turniri üçüncü pillədə başa vurublar.

Turnirdə 52 kiloqram çəki dərəcəsində yarışın finalında Paralimpiya Oyunlarının qalibi, ukraynalı İnna Çerniak və əlcəzairli Çerine Abdellaoui üz-üzə gəliblər. Görüş İ.Çerniakın qələbəsi ilə başa çatıb. Millimizin üzvləri Səbinə Abdullayeva və Bəsti Səfərova isə bürünc medal uğrunda görüşdə qarşılaşıblar. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə Bəsti Səfərova qalib gəlib və bürünc medala layiq görülüb. Digər bürünc medalı isə özbəkistanlı Sevinc Salayeva aktivinə yazdırıb.

Qran-Pridə qadınların mübarizəsində 57 kiloqram çəki dərəcəsində yarışın finalında Azərbaycan idmançıları qarşılaşıblar. Finala gedən yolda cüdoçularımız Afaq Sultanova Lusia Araujo, Sevda Vəliyeva isə Maria Nubea Dos Santos Linsə (hər ikisi Braziliya) qalib gələrək finala vəsiqə qazanıblar. Final görüşü də maraqlı anlarla yadda qalıb. Komanda yoldaşını məğlub edən S.Vəliyeva turnirin qızıl medalına sahib olub. Türkiyəli Zeyneb Çelik və özbəkistanlı Parvina Samandarova üçüncü yerdə qərarlaşıblar.

Beləliklə, turnirin birinci günündə Azərbaycan millisi 3 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıb. Birinci günün nəticəsinə görə, Azərbaycan yığması komanda hesabında birinci pillədə qərarlaşıb. Özbəkistan 2 qızıl və 3 bürünc medalla ikinci, Ukrayna 1 qızıl, 1 gümüş və 1 bürünc medalla üçüncü pillədə yer alıb.

Beynəlxalq Qran-Pri yarışlarına mayın 14-də yekun vurulacaq.

Xatırladaq ki, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) Qran-Prinin rəsmi media tərəfdaşıdır.

Xəbər 961 dəfə oxundu.