“Buta Chess” turnirinin qalib komandası ilə görüş
Vüqar Həşimov Şahmat Akademiyasının və “Buta Palace” kompleksinin təşkilatçılığı ilə keçirilən “Buta Chess” - təşkilatlararası şahmat turnirinin qalibi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) komandası olub. Bu münasibətlə nazirlikdə Vüqar Həşimov Şahmat Fondunun nümayəndələrinin iştirakı ilə komanda üzvləri Rauf Rzayev və Anar Rəsulovla görüş keçirilib.

Görüşdə nazir müavini Elmir Vəlizadə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən şahmat oyununa xüsusi diqqət göstərildiyini deyib.

“Təsadüfi deyil ki, bu oyun növü nazirliyin dəstəyi ilə ənənəvi olaraq keçirilən “Sağlamlıq” Respublika Spartakiadasına daxil edilən 8 idman növündən biridir”, - deyə E.Vəlizadə qeyd edib.

O deyib ki, şahmat kimi bir idman növündə nazirliyin komandasının qalib olması çox sevindiricidir. Nazir müavini bu uğurun nazirliyin şahmat oynamağı bacaran əməkdaşları üçün stimul və nümunə olacağına ümid etdiyini söyləyib. E.Vəlizadə komanda üzvlərini təbrik edib, onlara uğurlarının davamlı olmasını arzulayıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Rəşad Əzizov nazirliyin və onun qurumlarının əməkdaşlarının iştirakı ilə daxili şahmat turnirinin keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Mərhum şahmatçımız Vüqar Həşimovun qardaşı Sərxan Həşimov bildirib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin komandası turnirdə uğurlu oyunu sayəsində 20 komanda arasında seçilə bilib. O, bu şahmat turnirinin ilk dəfə təşkil olunmasına baxmayaraq, müvəffəqiyyətlə baş tutduğunu, böyük marağa səbəb olduğu üçün bundan sonra da keçiriləcəyini qeyd edib.

Vüqar Həşimov Şahmat Fondunun nümayəndəsi Sənan Şəfiyev isə turnir haqqında ətraflı məlumat verərək nazirliyin komandasının turnir boyunca ağıllı və stabil oyun nümayiş etdirdiyini deyib.

Sonda komanda üzvləri çıxış edərək şahmat turnirini yüksək səviyyədə təşkil etdikləri üçün təşkilatçılara və nailiyyətlərinə dəyər verdiklərinə görə nazirliyin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Xəbər 773 dəfə oxundu.