Avro-2012 boykot edildi
Avropa Birliyi Komissiyası futbol üzrə 2012-ci il Avropa çempionatının Ukraynada keçiriləcək oyunlarını boykot edib. İdman.com.az saytı lent.az-a istinadən xəbər verir ki, belə sərt qərara ölkənin sabiq baş naziri Yuliya Timoşenkonun həbsxanada pis rəftara məruz qalması səbəb olub.

Komissiyanın Kiyevdə olan nümayəndəsi Ukrayna prezidenti Viktor Yanukoviçin yürütdüyü siyasətə etiraz etdiklərini bildirib. Boykot qərarına qurumun 27 üzvü imza atıb. Avropa çempionatı iyunun 8-dən iyulun 1-dək Ukrayna ilə yanaşı, Polşada da təşkil olunacaq. Oyunlar 2 ölkənin hərəyə 4 şəhərində baş tutacaq.

Qeyd edək ki, daha öncə Almaniya kansleri Angela Merkel Yuliya Timoşenkoya qarşı pis rəftar səbəbindən Avropa çempionatının Ukraynada keçiriləcək oyunlarını boykot etmək fikrində olduğunu bildirib. Almaniya prezidenti Yoahim Qauk isə eyni səbəbdən, Ukrayna səfərini ləğv edib.

Xəbər 975 dəfə oxundu.