Gimnastlarımız Belarusda keçirilən test turnirində uğurla çıxış ediblər
İkinci Avropa Oyunlarına ev sahibliyi edəcək Minskdə yarışa hazırlıq məqsədilə gimnastika üzrə test turniri keçirilib.

“Minsk Arena”da keçirilən yarışlarda Azərbaycanın aerobika və akrobatika gimnastikası üzrə milli komandalarının üzvləri də güclərini sınayıblar. Yalnız Belarus və Azərbaycan gimnastlarının çıxış etdikləri aerobika yarışlarında təmsilçilərimiz öz proqramlarını uğurla başa vurublar. İmran İmranov və Mədinə Mustafayeva qarışıq cütlüklərin çıxışında gümüş medal qazanıblar. Birinci və üçüncü yerlərdə isə ev sahibi gimnastlar qərarlaşıblar. Qrup komandalarının mübarizəsində isə gimnastlarımız Balaxanım Əhmədova, Mədinə Mustafayeva, İmran İmranov, Nərminə Hüseynova və Vladimir Dolmatov qızıl medal qazanıblar.

Akrobatika yarışlarında isə Rusiya, Belarus, Polşa, Niderland və Azərbaycan gimnastları iştirak ediblər. İdmançılarımız test turnirini üç medalla başa vurublar. Yarışın final mərhələsində gimnastlarımız Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi cütlüyü çıxış etdikləri bütün proqramlarda gümüş medal qazanıblar. Fəxri kürsünün birinci pilləsinə Belarus gimnastları qalxıblar. Rusiya gimnastları isə üçüncü olublar.

Xatırladaq ki, iyunun 21-30-da keçiriləcək ikinci Avropa Oyunlarının gimnastika yarışlarında Azərbaycan bədii gimnastika, akrobatika, batut və idman gimnastikası üzrə təmsil olunacaq.

Xəbər 782 dəfə oxundu.