Bakıda Avropa Gənclər Yay Olimpiya Festivalı ilə bağlı tədbir keçirilir
Mayın 6-da “Baku 2019” Avropa Gənclərinin Olimpiya Festivalının Əməliyyat Komitəsinin və Avropa Milli Olimpiya komitələrinin nümayəndə heyətləri rəhbərlərinin toplantısı işə başlayıb.

Tədbirdə Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Avropa Olimpiya Komitəsinin (AOK) Əlaqələndirmə Komissiyasının rəhbəri, Serbiya Milli Olimpiya Komitəsinin baş katibi Corc Visaçki və təşkilat komitəsinin üzvləri iştirak edirlər. Seminara Avropanın 40 ölkəsinin Milli Olimpiya komitələrinin 70 təmsilçisi, Avropa Olimpiya Komitəsinin nümayəndələri və AOK-un “Bakı 2019” üçün xüsusi olaraq yaratdığı Əlaqələndirmə Komissiyasının üzvləri də qatılıblar.

Bu tədbir Avropanı ölkələrinin Milli Olimpiya komitələrinin nümayəndə heyətlərinin rəhbərlərinə texniki planlaşdırma və yarışlardan əvvəl keçirilən əməliyyatların bütün aspektləri ilə tanışlıq fürsəti verməklə yanaşı, onların “Bakı 2019” haqqında ən son məlumatlara sahib olma və komandalara müvafiq təlimlər verə bilmələri üçün təşkil edilib. Nümayəndə heyətləri tədbir çərçivəsində təşkil edilən iclaslarda idmançıların yerləşdirilməsi, akkreditasiya, nəqliyyat və digər mühüm məsələlər barədə müzakirələr aparırlar. Festivalın Əməliyyat Komitəsi seminarda Avropa ölkələrinin Milli Olimpiya komitələrinin nümayəndə heyətlərinin rəhbərlərinə idmançılara təqdim olunacaq medalları da nümayiş etdirəcək.

Xəbər 312 dəfə oxundu.