Yeddinci Zirvə Beynəlxalq Uşaq Oyunlarının ilk qalibi türkiyəli ağır atlet olub
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş 7-ci Zirvə Beynəlxalq Uşaq Oyunları start götürüb.

12 ölkədən 4 mindən çox atletin 27 idman növündə qüvvəsini sınayacağı yarışlarda ilk olaraq ağır atletika üzrə qaliblər müəyyənləşib.

Azərbaycan, İran, Gürcüstan, Türkiyə, İsrail, Moldova və Ukraynadan olan 200-ə yaxın uşaq ağır atletin qatıldığı turnirdə körpücük üzərinə əvvəlcə zərif cinsin nümayəndələri qalxıblar. Qızlar Sinkleyr cədvəli üzrə mütləq qalibi müəyyən ediblər. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda toplam 114 kiloqram (54+60) nəticə və 198.4 Sinkleyr xalı ilə türkiyəli Nurgül Yüksel qızıl medala sahib çıxıb. İkinci pillədə toplam 117 kiloqram (53+64) nəticə və 186.4 xalla gürcüstanlı Mariam Maysuradze qərarlaşıb. Üçüncü yeri isə toplam 107 kiloqram (45+62) və 174.3 xalla Azərbaycan atleti Selcan Qarayeva tutub.

“Zirvə” beynəlxalq idman klublarının təşkilatçılığı ilə keçirilən yarışlarda idmançılar ağırlıqqaldırma, atçılıq, basketbol, boks, cüdo, futbol və çimərlik futbolu, bədii gimnastika, idman gimnastikası, sərbəst güləş, yunan-Roma güləşi, karate, kartinq, kikboksinq, şahmat, taekvondo, tennis, üzgüçülük, çimərlik voleybolu və voleybol, badminton, atletika növlərində mübarizə aparacaqlar.

“Zirvə Oyunları”nın keçirilməsində məqsəd Ulu Öndərin irsinin yaşadılması, ölkəmiz üçün etdiyi işlərin gələcək nəsillərə çatdırılması, eyni zamanda, idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.


Xəbər 899 dəfə oxundu.