Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan marafon yarışının qalibləri mükafatlandırılıb
İsmayıllıda gənclər və idman idarəsi və təhsil şöbəsinin birgə təşkilatçılığı, rayon icra hakimiyyətinin dəstəyi ilə məktəblilər arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən yeniyetmələrin XI ümumrayon spartakiadasına daxil olan marafon keçirilib.

Marafon yarışında şəhər 1, 2, 3, 4, 5, 6 və 7 nömrəli, Diyallı, Cülyan, Talıstan kənd tam orta məktəblərindən, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci və Peşə Tədris Mərkəzindən 100 nəfər məktəbli və tələbə iştirak edib.

Yarış başlanmazdan əvvəl çıxış edənlər müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, türk dünyasının böyük oğlu ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə ətraflı danışıb, Ulu Öndərin gənclər və idman siyasətinin uğurlu nəticələrindən bəhs ediblər.

Sonra yarışa start verilib.

Rayondakı Şəhidlər xiyabanının önündən start götürən marafon ümummilli lider Heydər Əliyevin abidəsi önünə qədər davam edib.

Marafonda şəhər 5 və 2 nömrəli tam orta məktəblərin şagirdləri Samir Həsənov və Elşən Abbaszadə müvafiq olaraq I və II yerlərə, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tələbəsi Yusif Məmmədov III yerə çıxıblar.

Sonda hər üç yerin qalibi gənclər və idman idarəsinin diplom və qiymətli hədiyyələri ilə təltif olunub.

Xəbər 818 dəfə oxundu.