“Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalının 4-cü turu başa çatıb
Naxçıvan şəhərindəki Şahmat Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalının 4-cü turu başa çatıb.

“A” qrupunun liderləri - qrossmeysterlər Eltac Səfərli (Azərbaycan) ilə Timur Qarayev (ABŞ) arasında keçirilən görüş heç-heçə tamamlanıb. Aktivində 3 xal olan digər zəka sahibi qrossmeysterlər Vadim Malaxatko (Belarus) Eldar Qasanovla (Ukrayna) “sülh” bağlayıb. Klassik şahmat partiyalarında 23 görüşdür ki, məğlub olmayan azərbaycanlı beynəlxalq usta Günay Məmmədzadə ilə qrossmeyster Nicat Abasovun qarşılaşması da maraqla izlənilib. Bu görüş Nicatın qələbəsi ilə yekunlaşıb.

Qrossmeyster Vladislav Kovalyev (Belarus) beynəlxalq usta Ortik Niqmatovla (Özbəkistan), Mehdi Qulami Orimi (İran) qrossmeyster Aleksey Aleksandrovla (Belarus), qrossmeyster Fərid Abbasov (Azərbaycan) beynəlxalq usta Abdulla Qədimbəyli (Azərbaycan) ilə üz-üzə gəlib. Bu görüşlərdə Kovalyev və Mehdi Qulami heç-heçə edib, Fərid isə qələbə qazanıb.

Naxçıvanlı qrossmeyster Urfan Sevdimalıyev (2352) bu turda beynəlxalq usta Misrətdin İsgəndərovun müqavimətini qıra bilməyib. Beynəlxalq usta Toğrul Həsənzadə FIDE ustası Gövhər Beydullayevaya, beynəlxalq usta Talıb Babayev isə FIDE ustası Əmirxan Tarlabaşıya (Türkiyə) məğlub olublar. Bu turda FIDE ustalarımızdan Sadiq Məmmədov qrossmeyster Sərhan Quliyevi məğlub edib. Pərviz Qasımov isə Elmar Atakişiyevlə üz-üzə gəlib və görüş heç-heçə başa çatıb.

İlk 4 turdan sonra Eltac Səfərli, Timur Qarayev, Nicat Abbasov və Vadim Malaxatkonun aktivində 3,5 xal var.

“B” qrupuna aktivində 4 xal olan 3 şahmatçı başçılıq edir. Belə ki, Amil Abbasov, Şahin Hüseynov və Elxan Bayramov maksimum nəticə göstəriblər.

Beynəlxalq Şahmat Festivalının “C” qrupunda 3 şahmatçı keçirdiyi hər bir görüşü qələbə ilə başa vurub. Onlardan ikisi - Hüseyn Qənbərli və Uğur Həsənli naxçıvanlı şahmatçılarıdır.

Xəbər 728 dəfə oxundu.