Lapis-Lazuli yürüşünün velosipedçiləri Azərbaycanda olublar
Müxtəlif yaş qruplarına aid bir qrup əfqan velosipedçi Lapis-Lazuli Dəhlizinin təşviqi məqsədilə yürüşə başlayıb. Velosipedçilər dəhlizin keçdiyi ölkələrə - Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyəyə səfər edərək əfqan xalqının sülhpərvər mesajını çatdırmaq niyyətindədirlər.

Veloyürüş Əfqanıstan Velosiped Federasiyasının təşəbbüsü ilə keçirilir və bu ölkənin Prezidenti Məhəmməd Əşrəf Qaninin dəstəyi ilə reallaşdırılır. Yürüş iştirakçıları Türkmənistan səfərini başa vurduqdan sonra Bakıya gəmi ilə gəliblər.

Səfər çərçivəsində velosipedçilər Azərbaycan Velosiped İdmanı Federasiyasının da qonağı olublar. Qrup rəhbəri Sadiq Caminin sözlərinə görə, əsas məqsəd əfqan xalqının sülh istəyini bütün dünyaya bəyan etməkdir: “Səfərimiz çərçivəsində bizə dost və qardaş olan Azərbaycanda olmaqdan çox məmnunuq. Yürüşə Herat şəhərindən başlamışıq və Azərbaycandan keçərək Gürcüstana, oradan isə Türkiyəyə gedəcəyik. Lapis-Lazuli marşrutu üzrə hərəkət etməklə bütün dövlətlərə əfqan xalqının sülh və dostluq müraciətini çatdırmaq istəyirik”.

Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev Əfqanıstandan gəlmiş qonaqları Respublika Velotreki, həmçinin ölkəmizdə və dünyada velosiped idmanının tarixini özündə əks etdirən muzeylə tanış edib və onlara səfərlərinin növbəti hissəsində uğurlar arzulayıb.

Qeyd edək ki, Lapis-Lazuli marşrutuna dair beştərəfli Saziş 2017-ci il noyabrın 15-də Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında imzalanıb.

Xəbər 1041 dəfə oxundu.