“Zirvə Oyunları”nda mindən çox atlet 23 idman növündə gücünü sınayacaq
Mayın 5-dən 28-dək Xırdalan və Astarada uşaqlar arasında yeddinci “Zirvə Oyunları” keçiriləcək.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunacaq oyunlarda 23 idman növündə mindən çox atlet qüvvəsini sınayacaq.

“Zirvə” beynəlxalq idman klublarının təşkilatçılığı ilə keçiriləcək yarışlarda idmançılar ağırlıqqaldırma, atçılıq, basketbol, boks, cüdo, futbol və çimərlik futbolu, bədii gimnastika, idman gimnastikası, sərbəst güləş, yunan-Roma güləşi, karate, kartinq, kikboksinq, şahmat, taekvondo, tennis, üzgüçülük, çimərlik voleybolu və voleybol, badminton, atletika növlərində mübarizə aparacaqlar.

“Zirvə Oyunları”nın keçirilməsində məqsəd Ulu Öndərin irsinin yaşadılması, ölkəmiz üçün etdiyi işlərin gələcək nəsillərə çatdırılması, eyni zamanda, idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.

Yarışların keçirilməsi idman növləri üzrə fəaliyyət göstərən hakimlər heyətinə həvalə olunur. Yarışların qalib və mükafatçılarına medal və diplomlar təqdim olunacaq.

Xəbər 914 dəfə oxundu.