Yeniyetmələr arasında stolüstü tennis üzrə beynəlxalq turnir davam edir
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Bakı İdman Sarayında yeniyetmələr arasında stolüstü tennis üzrə beynəlxalq turnir davam edir.

Mayın 3-də - turnirin ikinci günündə 2007-2004 cü il təvəllüdlü idmançılar mübarizə aparırlar.

Turnirdə 2004-2007-ci, 2008-ci il təvəllüdlü və daha kiçik yaşlı idmançılar iştirak edirlər. Yarışın birinci günündə 2008-ci il və daha kiçik yaşlı idmançılar qüvvələrini sınayıblar. Qızların yarışında idmançılarımızdan Arzu Aslanova yüksək nəticə göstərərək birinci yeri tutub. İkinci pillədə digər stolüstü tennisçimiz Mərziyyə Nürmətova qərarlaşıb. Üçüncü yerə isə Türkiyə təmsilçisi Alsudə Tuba Şimşək və Azərbaycan idmançısı Aylin Əsgərova sahib olublar.

Oğlanların mübarizəsində Azərbaycanın stolüstü tennisçiləri Hüseyn Eylazov birinci, Adil Əhmədzadə ikinci yeri tutublar. Azərbaycanın digər təmsilçisi Rüstəm Hacılı və Türkiyə idmançısı Mustafa Nebhan üçüncü yerə layiq görülüblər.

Beynəlxalq turnirdə Azərbaycanla yanaşı, Türkiyə, İran, Gürcüstan, Rusiya və Latviyanın stolüstü tennisçiləri də medallar uğrunda mübarizə aparırlar.

Xəbər 1181 dəfə oxundu.