Samuxda ağır atletika üzrə respublika yarışlarının seçmə mərhələsinə yekun vurulub
Azərbaycanın bölgələrini əhatə edən ağır atletika üzrə respublika yarışlarının ikinci seçmə mərhələsi keçirilib.

Azərbaycan Ağır Atletika Federasiyasından bildiriblər ki, Xırdalan və Lənkərandan sonra yarış Samuxda təşkil olunub. Turnirdə Goranboy, Gəncə, Samux, Qazax, Yevlax, Şəki və Qaxı təmsil edən atletlər körpücük üzərinə çıxıblar.

Yarış şəxsi xarakter daşıyıb və iştiraka yalnız texniki cəhətdən hazırlıqlı, yaşı ən azı 12 olan idmançılar buraxılıblar. Mərhələ yarışlarında 2001-2007-ci il və daha böyük təvəllüdlü kişilər və qadınlar, müvafiq yaş qruplarında mübarizə aparıblar. Qaliblər Sinkleyr cədvəli üzrə müəyyən edilib.

Məqsəd regionlarda atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.

Xəbər 728 dəfə oxundu.